İtaliyada 22 yaşlı tələbəni vəhşicəsinə öldürən sevgilisinə hökm oxundu

Venesiya məhkəməsi keçmiş sevgilisi Culiya Çekettini vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən 22 yaşlı tələbə Filippo Turetta barəsində hökm çıxarıb. “BBC News”un məlumatına görə, hakim Turettanı cinayətdə təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib.

22 yaşlı Culiya Çekettinin qətli İtaliya cəmiyyətində böyük səs-küyə və ölkə daxilində məişət zorakılığına qarşı kütləvi tələbə etirazlarına səbəb olub.

Tibb fakültəsinin tələbəsi  Culiya Çekettin 11 noyabr 2023-cü ildə yoxa çıxıb. Bir həftəlik axtarışlardan sonra onun polietilenə bükülmüş cəsədi İtaliyanın şimalındakı Friuli-Venesiya-Culiya bölgəsindəki gölün yaxınlığında xəndəkdə tapılıb.

Onun keçmiş sevgilisi Filippo Turretta qətldə şübhəli bilinərək Almaniyada saxlanılıb. İstintaq müəyyən edib ki, Turretta keçmiş sevgilisinə 70-dən çox bıçaq xəsarəti yetirib. O, qətldə günahını etiraf edib.

Məhkəmə zamanı Çekettinin ailəsi qızın ölümündən bir neçə ay əvvəl yazdığı “Ondan ayrılmaq məcburiyyətində qalmağımın 15 səbəbi” adlı gündəliyini yayıb. Culiya qeydlərində sevgilisinin onu necə idarə etməyə və tabe etməyə çalışdığını təsvir edib.

Culiyanın atası Cino Çekettin BBC-yə deyib ki, “bunlar bir münasibətdə sahibliyin tipik əlamətləri idi”.

“Turetta qızımı şəxsi həyatından məhrum edirdi və onu həmişə planlarına daxil etməyi tələb edirdi. O, həmişə Culiyanın dostlarına və ya hətta terapevtinə dediyi hər şeyi bilməli idi. Sonradan anladıq ki, Culiya özünü Turettanın ağrılı vəziyyətinin səbəbkarı hesab edir və buna görə məsuliyyət hiss edir”.

Filippo Turetta isə həbsxanadan hərəkətlərini izah etməyə çalışdığı 80 səhifəlik məktubu dərc edib. O, Culiyadan ayrıldıqdan sonra hər gün ona qayıtmağa ümid etdiyini yazıb. Filipponun sözlərinə görə, qətl baş verən gecə Culiya ona həddən artıq asılı olduğunu deyib. Daha sonra Turetta bunun ədalətsiz olduğunu qışqırmağa başlayıb, “çox əsəbiləşib” və Culiyanı öldürüb.

“Mən eqoist idim və bunu yalnız indi başa düşürəm. Mən onun üçün və onu gözləyən perspektivli və gözəl həyat üçün nə qədər ədalətsiz olduğum haqda düşünmədim”, Turetta məktubunda yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ