“Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib.
Rusiya Prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib.
Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.
Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.
Rusiya prezidenti vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı:
“Düşünürəm ki, Ermənistanla KTMT arasında bugünkü vəziyyəti Ermənistandakı daxili siyasi problemlər diktə edir. Əlbəttə ki, bütün bunlar Qarabağdakı böhranın nəticələri ilə əlaqədardır. Lakin qeyd etmək istəyirəm ki, burda KTMT-lik bir şey yoxdur. Başa düşürsünüz? Mən bu barədə çox danışmışam. Baş verənlərin KTMT-yə heç bir aidiyyəti yoxdur Ona görə ki, Ermənistanın özünə heç bir xarici təcavüz olmayıb. KTMT təşkilata üzv ölkəni xarici təcavüzdən qorumalıdır. Qarabağla bağlı baş verən hadisələrin öz spesifikası var. Axı Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımamışdı, onu öz dövlət sərhədlərinin perimetrlərinə daxil etməmişdi. Qarabağda baş verənlərin hüquqi nöqteyi-nəzərdən Ermənistana heç bir birbaşa aidiyyəti yoxdur. Ona görə də, KTMT-nin bu əraziyə görə vuruşmalı olduğunu iddia etmək qəribədir”.