ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra bütün transgenderləri ABŞ Silahlı Qüvvələrindən çıxarılmasına səbəb olacaq fərman qəbul etməyə hazırlaşır. Bu barədə “The Times” nəşri Pentaqondakı mənbələrə istinadən yazır.
Məqalədə deyilir ki, Tramp müvafiq sənədi yanvarın 20-də, ikinci prezidentlik müddətinin ilk günündə inauqurasiyadan dərhal sonra imzalaya bilər. Nəticədə təxminən 15 min trans personalın ABŞ ordusundan tərxis oluna biləcəyi təxmin edilir.
Nəşr qeyd edir ki, transgenderlər silahlı qüvvələrdə xidmət etmək üçün “tibbi cəhətdən yararsız” elan edilə bilər.
“Ordunun kifayət qədər adam toplaya bilmədiyi bir vaxtda onlar (transgenderlər) tərk etmək məcburiyyətində qalacaqlar. Yalnız ABŞ Dəniz Piyadaları öz işə götürmə hədəflərinə çatır. Bəzi transgenderlər orduda yüksək vəzifələr tuturlar”, - nəşrin həmsöhbətlərindən biri bildirib.