Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Komitə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Qərargaha müraciət edənlər arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.
Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycanın müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.
Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.