Abxaziya “prezidenti” Aslan Bjaniya istefa verib

Qondarma Abxaziyanın “prezidenti” Aslan Bjaniya istefa ərizəsi imzalayıb. Müvafiq sənədi onun mətbuat xidməti yayıb.

Bjaniya “respublikanın” hakimiyyət orqanları ilə müxalifətin danışıqlar nəticəsində əldə etdiyi razılaşmalara əsasən istefa verib. Abxaziya müxalifəti və rəhbərliyi arasında razılığa əsasən, etirazçılar noyabrın 19-da hökumət binalarını boşaltmalıdırlar, əks halda Bjaniya istefasını geri götürə bilər.

Abxaziyanın müxalifət liderlərindən biri Adqur Ardzinba “İnterfaks”a bildirib ki, “respublika hökumətinin baş naziri” Aleksandr Ankvab və “Dövlət Təhlükəsizlik Xidməti”nin rəhbəri Dmitri Dbar da istefa veriblər.

Hakimiyyətlə müxalifət arasında razılaşmada deyilir ki, “prezident” səlahiyyətlərini “vitse-prezident” Badra Qunba icra edəcək.

“İnterfaks” yazır ki, müxalifət liderləri və respublikanın “vitse-prezidenti” danışıqların nəticələri barədə məlumat verdikdən sonra etirazçılar Abxaziyanın paytaxtı Suxumidə “prezident administrasiyası”nın binası qarşısındakı meydanı tərk etməyə başlayıblar.

Aslan Bjaniya 2020-ci ilin aprelindən Abxaziyanın “prezidenti” vəzifəsini icra edir.

Abxaziyada etirazlar noyabrın 12-də qondarma respublikanın parlamentinin Rusiya ilə yeni investisiya sazişini təsdiqləməyə hazır olduğunu bəyan etdikdən sonra başlayıb. Müqavilə Rusiya şirkətlərinin Abxaziyada investisiya layihələrində iştirak edə biləcəyini nəzərdə tuturdu. Noyabrın 15-də etirazçılar “parlament”in binasına daxil olublar, müxalifətçilərlə polis arasında toqquşmalar baş verib, on beşə yaxın insan yaralanıb. Abxaziya hakimiyyəti Rusiya ilə investisiya sazişi layihəsini “parlamentdən” geri götürəcəyinə söz verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ