İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “persona non-qrata” elan edərək ölkəyə girişini qadağan edib.
O, bu barədə X sosial şəbəkəsində məlumat verib.
“İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Quterreş həmçinin HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törətdiyi hücumu pisləməyib və hərəkatın terror təşkilatı elan olunması üçün heç bir səy göstərməyib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, BMT-nin hazırkı baş katibi “terrorçuları, təcavüzkarları və qatilləri dəstəklədiyi üçün təşkilatın tarixində ləkə olaraq qalacaq”.
Oktyabrın 1-də axşam saatlarında İranın İsrailə raket hücumundan sonra Quterreş X sosial hesabında Yaxın Şərqdə münaqişənin gərginləşməsini pisləyib və atəşkəsə çağırıb. O, nə İranın, nə də İsrailin adını çəkməyib.