İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, yəhudi dövlətinin onların tərəfində olduğunu bildirib.
“Mən İran liderləri haqqında çox danışmışam. Ancaq bu həlledici məqamda mən sizə - İran xalqına müraciət etmək istəyirəm. Bunu birbaşa, vasitəçisiz etmək istəyirəm. Hər gün sizi sıxışdıran, Livanı qorumaq, Qəzzanı qorumaq haqqında alovlu çıxışlar edən bir rejim görürsünüz. Lakin bu rejim hər gün bölgəmizi daha da qaranlığa, müharibəyə qərq edir. Hər gün onların marionetləri məhv edilir.
Məhəmməd Deyfdən soruşun. Nəsrullahdan soruşun. Yaxın Şərqin elə bir guşəsi yoxdur ki, İsrail ora daxil ola bilməsin. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur. Rejim hər dəqiqə sizi - fars xalqını uçuruma yaxınlaşdırır. İranlıların böyük əksəriyyəti rejimin onlara əhəmiyyət vermədiyini bilir. Əgər o, sizinlə maraqlansaydı, bütün Yaxın Şərqdə faydasız müharibələrə milyardlarla dollar xərcləməyi dayandırardı və sizin həyatınızı yaxşılaşdırmağa başlayardı.
Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xarici müharibələrə xərclədiyi bütün o böyük pullar sizin uşaqlarınızın təhsilinə, səhiyyənizin yaxşılaşdırılmasına, ölkənizin infrastrukturunun qurulmasına, su təchizatı, kanalizasiya və sizə lazım olan digər sahələrə yatırılıb. Bunu təsəvvür edin. Ancaq bir sadə şeyi bilin - İran tiranları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olanda - o an insanların düşündüyündən də tez gələcək - hər şey başqa cür olacaq.
Bizim iki qədim xalqımız yəhudi və fars nəhayət sülh tapacaq. İki ölkəmiz, İsrail və İran sülh içində yaşayacaq. O gün gələndə rejimin beş qitədə yaratdığı terror şəbəkəsi məhv olacaq. İran heç vaxt olmadığı kimi çiçəklənəcək. Qlobal investisiyalar. Kütləvi turizm. İranda mövcud olan nəhəng istedada əsaslanan parlaq texnoloji yenilik.
Bu, sonsuz yoxsulluqdan, repressiyadan və müharibədən yaxşı deyilmi? Qumdan İsfahana, Şirazdan Təbrizə qədər minillik tarixə malik və parlaq gələcəyi olan on milyonlarl ləyaqətli insan yaşayır. Kiçik bir qrup fanatik teokratların ümidlərinizi və arzularınızı məhv etməsinə imkan verməyin. Siz daha yaxşısına layiqsiniz.
Övladlarınız daha yaxşısına layiqdir. Bütün dünya daha yaxşısına layiqdir. Bilirəm ki, siz HƏMAS və “Hizbullah”ın təcavüzkarlarını və qatillərini dəstəkləmirsiniz, amma liderləriniz dəstəkləyir. İran xalqı bilməlidir ki, İsrail sizin tərəfinizdədir. Gəlin firavanlıq və sülh üçün gələcəyi birlikdə araşdıraq”, - mesajda deyilir.