Aya idarəolunmaz raket yaxınlaşır. Toqquşma zamanı nə baş verəcək

Çəkisi təxminən dörd ton olan obyekt Aya yaxınlaşır və martın 4-də onunla toqquşacaq. Alimlər hesab edirlər ki, bu 2014-cü ildə buraxılan Çin raketinin pilləsidir. Bundan əvvəl də Yerin peykinin səthinə bu cür fraqmentlər düşüb. Lakin bu hadisə planlaşdırılmamış və idarəolunmazdır.

Naməlum “asteroid”

Hər şey 2015-ci ilin martın 14-də başladı. “Catalina Sky Survey” proqramında işləyən Arizona Universitetinin amerikalı astronomları Yerə yaxınlaşan obyektləri izləyirdilər.  Onlar asteroid aşkarladılar və ona WE0913A nömrəsini verdilər. Sonradan məlum olub ki, obyekt Günəş yox, yerin ətrafında fırlanır və alimlər belə nəticəyə gəliblər ki, bu, çox güman ki, hansısa avadanlığın bir hissəsidir.

Müəmmalı obyektin kosmik odisseyasını müşahidə edənlər arasında asteroid və kometlərin hesablamaları üçün “Project Pluto” proqramını hazırlayan Bill Qrey də var idi. WE0913A obyekti NASA-nın НАСА Deep Space Climate Observatory (DSCOVR) peykinin buraxılışından iki gün sonra Ayın yaxınlığından keçməsinə görə, alim belə qənaətə gəlib ki, bu raket daşıyıcısının ikinci pilləsidir. Digər astronomlar Qreyin fikri ilə razılaşıblar. Hər şey uyğun gəlirdi: fraqment açıq rəngə malik idi, düzgün vaxta peyda olub və xaotik orbitlə hərəkət edirdi.

“SpaceX” şirkətinin kosmik havanı müşahidə etmək üçün göndərdiyi peyki daşıyan Falcon-9 raketi 2015-ci ilin fevralın 11-də Floridanın Kanaveral burnunda buraxılıb. Missiya bitdikdən sonra  - DSCOVR peyki Günəş və Yerin arasında Laqranja L1 nöqtəsinə çatdırılıb – ikinci pillə kosmosda qalıb. Qrey ehtimal edib ki, raketin Yerin atmosferinə qayıtmaq üçün yanacağı və Yer-Ayın qravitasiya sistemini tərk etmək üçün enerjisi çatmayıb.

WE0913A obyektini izləyərkən alim müşahidə edib ki, 2022-ci ilin yanvarın 5-də obyekt Aya çox yaxın məsafəyə yaxınlaşıb və onun orbiti dəyişib. Hesablamalar göstərib ki, raket pilləsi martın 4-də növbəti dövrə zamanı saatda doqquz kilometr sürətlə Aya çırpılacaq. Qrey bu barədə digər astronomlara məlumat verib, onlar isə jurnalistlərə alimin nəticəsini təsdiqləyiblər.

Hesablamalarda səhvlər 

Dünyanın bütün qəzetləri artıq İlon Maskın idarəolunmaz raketinin Aya uçması barədə yazıblar. Lakin fevralın 12-də Qrey NASA reaktiv hərəkət laboratoriyasından Con Corcininin məktubunu alıb. Bu təşkilat kosmik zibillə məşğul olmur, lakin DSCOVR  daxil bir çox aktiv aparatların trayektoriyasını izləyir. Məktubda NASA astronomu Falcon 9 raketinin pilləsinin 2015-ci ilin fevralın 13-də, buraxılışdan iki gün sonra Aya yaxınlaşdığını ehtimal edib: JPL Horizons-un məlumatına əsasən, DSCOVR bu zaman səmanın digər hissəsində olub.
Beləliklə Qrey səhv edib, o hesab edirdi ki, “SpaceX” raketi Ayı L1 nöqtəsinə çatmaq üçün sürətləndirmə məqsədilə istifadə edib. Əslində isə DSCOVR digər marşrutla yola salınıb.

Astronom yüksək orbitaya 2015-ci ilin martına qədər buraxılan və Ayın yaxınlığından keçən bütün missiyalar üzrə məlumatları yoxlayıb. Və belə qənaətə gəlib ki, WE0913A obyekti Çinin “Çançjen-3S” raketinin üçüncü pilləsidir. O, 2014-cü ilin 23 oktyabr tarixində Ayın səthinə “Çanye-5T1” avtomatik stansiyasını çatdırmaq üçün kosmosa buraxılıb. Bu 2020-c ildə Ayın səthindən uğurla torpaq nümunəsini götürən “Çanye – 5” missiyasının texniki variantı idi. İzlənilən obyektlərin reyestrində “Çançjen-3S” raketinin pilləsi itirilmiş kimi qeydiyyatdadır.

WE0913A  spektrini öyrənən Arizona Universitetinin tələbələri təsdiq ediblər: bəli, bu Çin missiyasının “Çanye-5T1”nin hissəsidir.

“Apollon-13” missiyasının Saturn IVB blokunun Aya düşməsi nəticəsində yaranan 30 metrlik krater

Toqquşma qaçılmazdır

Alimlər razıdırlar ki, WE0913A obyektinin trayektoriyası düzgün hesablanıb. Demək, Ayla toqquşma qaçılmazdır.

Ehtimal olunur ki, toqquşma martın 4-də Bakı vaxtı ilə saat 14:25-də Qertsşprunq krateri rayonunda Yerdən Ayın görünməyən tərəfində baş verəcək. Ekspertlərin hesabına görə, toqquşmadan sonra Ayın səthində 19 metrlik krater qalacaq. NASA bəyan edib ki, kraterin fotosunu Lunar Reconnaissance Orbiter zondu vasitəsi ilə mütləq çəkəcək.

Alimlər yeni heç bir şey gözləmirlər: onlar artıq bir neçə dəfə Ayın səthinə raket hissələri və ya bu ölçüdə olan asteroidin düşməsini izləyiblər. Misal üçün, “Apollon” missiyasının yuxarı pillələrini Ayın səthinə göndərirdilər. 2009-cu ildə isə Kabeus kraterinə qaz buludu və tozu axtarmaq üçün “Çentavr” bloku göndərilib.

WE0913A obyektinin düşəcəyi yerdə suyun heç bir əlaməti yoxdur,  “Apollon” proqramının seysmometrləri isə çoxdan söndürülüb. Ola bilər ki, zərbədən Ayın əks tərəfində olan Çinin “Çanye-4” modulu seysmik dalğaları hiss etsin. 

Kosmik zibilin taleyi

Aya bir neçə missiya göndərildikdən sonra Yerin peykinin ətrafında “canlanma” baş verib. Astronomlar hesab edirlər ki, hazırda Ayla toqquşma raket pillələrinin Yerə endirilməsindən daha təhlükəsiz və ekoloji təmiz variantdır. Baxmayaraq ki, bu obyektlərin böyük hissəsi atmosferdə yanır, onların bəzi fraqmentləri Yerin səthinə çatır və müəyyən təhlükə daşıyır. Bu səbəbdən raketlərin trayektoriyası elə hesablanır ki, onlar okeana düşsünlər. 

Uzaq kosmik missiyaların uçuşları teoretik olaraq elə hesablanır ki, raket daşıyıcılarının pilləri Ayın orbitasına çıxsın və müəyyən vaxtda Yerin peyki ilə toqquşsun. Bu zaman zərbənin nəticələrini Ayın dərin quruluşunu öyrənmək üçün istifadə etmək olar. Bunun üçün isə Yerin peykinin səthinə seymik sensorlar şəbəkəsi yerləşdirilməlidir.

Mənbə: Ria Novosti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ