Ukrayna prezidenti Vladimir Zelenskinin hazırladığı “qələbə planı” “hərtərəfli strategiya”nı əhatə etmir.
Bu barədə ABŞ prezident administrasiyasındakı mənbələr “The Wall Street Journal”a bildiriblər.
“Mən heyran deyiləm, bu planda çox yenilik yoxdur”, ABŞ-ın yüksək rütbəli məmurlarından biri nəşrə deyib.
ABŞ Dövlət Departamentindəki mənbələr bildiriblər ki, “qələbə planı”nda ən yaxşısı silah tələbləri və Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı olan hissədir.
Planda siyasi islahatlar və iqtisadi dəstəkdən də bəhs edilir, lakin ABŞ və Avropa rəsmilərinin fikrincə, bu hissədə konkret təkliflər xeyli azdır.
Eyni zamanda, WSJ qeyd edir ki, Ağ Ev Kiyevdən hazırkı prezident Co Bayden administrasiyasının qalan dörd ayda dəstəkləyə biləcəyi konkret nəsə eşitməyə ümid edirdi.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfərindən əvvəl “qələbə planı”nı açıqlayıb. Zelenskinin sözlərinə görə, o, bu planı həm ABŞ-ın hazırkı prezidenti Co Baydenə, həm də prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək. Ukrayna hakimiyyəti Zelenskinin Baydenlə sentyabrın 26-na planlaşdırılan görüşündən sonra planın təfərrüatlarını açıqlamaq niyyətindədir.