Donetskdə və Luqanskda səfərbərlik elan edildi

Yenilənib: Qondarma Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik də respublikada ümumi səfərbərlik haqqında fərman imzalayıb.

---

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin ümumi səfərbərlik haqqında fərman imzaladığını açıqlayıb.

"Mən ehtiyatda olan həmvətənlərimizi hərbi komissarlıqlara gəlməyə çağırıram. Bu gün ümumi səfərbərlik haqqında fərman imzaladım. Mən respublikanın əlində silah tutmağı bacaran, ailəsinin, övladının, arvadının, anasının müdafiəsinə qalxan bütün kişilərə müraciət edirəm. Hamımız üçün arzu olunan və lazım olan qələbəni birlikdə əldə edəcəyik".

Səfərbərlik DXR-in bütün ərazisində həyata keçiriləcək. Donetsk Xəbər Agentliyi qeyd edir ki, Puşilin həmçinin “Silahlı Qüvvələrin, digər hərbi birləşmələrin və orqanların ehtiyacları üçün avadanlıq tədarük etmək qərarına gəlib”.

2021-ci ilin payızından Rusiya Ukrayna ilə həmsərhəd bölgələrdə qoşun qruplaşmasını artırır. Ağ Ev sərhəddə təxminən 150 min rus əsgərinin olduğunu təxmin edir. ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynaya işğala hazırlaşmasından ehtiyat edir, rəsmi Moskva bunu inkar edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ