Livanda peycerlərin və ertəsi gün radiostansiyaların silsilə partlayışları nəticəsində ən azı 30 nəfər həlak olub, daha üç minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Qurbanlar arasında ünsiyyət qurmaq üçün peycerlərdən istifadə edən “Hizbullah” üzvləri də var. İsrail rəsmi olaraq əməliyyata görə məsuliyyəti üzərinə götürməyib, lakin pərdə arxasında İsrail kəşfiyyatı hücumları təşkil etdiyini etiraf edir. İsrailin hazırkı və keçmiş 12 müdafiə və kəşfiyyat rəsmisi ilə danışan “The New York Times”, əməliyyatın necə hazırlandığını yazıb. Qəzetin həmsöhbətləri əməliyyatı “mürəkkəb və uzunsürən” adlandırıblar, nəşrin özü isə ona “müasir Troya atı” adını verib.
“Hizbullah” üzvləri bir neçə il əvvəl mobil telefonlar əvəzinə ünsiyyət üçün peycerlərdən istifadə etməyə başlayıblar - “The New York Times” qəzetinin yazdığı kimi, hərəkat lideri Həsən Nəsrullah şəxsən buna israr edib. O, “Hizbullah” üzvlərinin görüşlərində telefondan istifadəni qadağan edib. Eyni zamanda Həsən Nəsrullah təşkilatın planlarını cib telefonları ilə ötürülməsinə icazə verməyib, və “Hizbullah” üzvlərinə hər zaman üzərlərində peycer daşımasına göstəriş verib. 2024-cü ilin fevralında Həsən Nəsrullah bəyanat verərək, telefonlardan qurtulmağa çağırıb - “onları “dəfn etmək” və ya “dəmir qutu”ya qoymaq”. Nəşr yazır ki, bütün bunlarda İsrail “bir fürsət görüb”.
NYT mənbələrinə görə, “Hizbullah” demək olar ki, tamamilə peycerlərə keçməmişdən əvvəl İsrail kəşfiyyatı Macarıstanda peycer istehsalçısı kimi özünü təqdim edən “BAC Consulting” və onun fəaliyyətini işıqlandırmaq üçün daha iki şirkət yaradıb. “BAC Consulting”in adi müştəriləri var idi, və onlar üçün adi peycerlər istehsal edirdi. Lakin NYT-nin yazır ki, “həqiqətən əhəmiyyət kəsb edən” yeganə müştəri “Hizbullah” idi.
Üç İsrail kəşfiyyat rəsmisinin sözlərinə görə, “Hizbullah” üçün peycerlər ayrıca istehsal edilib və içərisində partlayıcı PETN (rus dilində PENTA, pentaeritritol tetranitrat kimi tanınır) olan batareyalar olub. “BAC Consulting” 2022-ci ildə bu peycerləri Livana az miqdarda tədarük etməyə başlayıb, lakin Nəsrullahın cib telefonlarının təhlükələri ilə bağlı açıqlamalarından sonra tədarüklər artıb.
Sentyabrın 17-də saat 15:30-da peycerlərə mesajlar gəldi. İmarıclar ərəb dilində idi və sanki “Hizbullah”ın yüksək rəhbərliyi tərəfindən göndərilmişdi. Tezliklə bütün Livanda cihazlar partlamağa başladı. Ən azı 12 nəfər öldü, 2700-dən çox insan yaralandı. NYT-nin məlumatına görə, ölənlərin bəziləri “Hizbullah” üzvləridir, bəziləri isə yox. Ölənlər arasında uşaqlar da var (bəzi mənbələrə görə iki, digərlərinə görə dörd). NYT dördüncü sinif şagirdi olan doqquz yaşlı Fatimə Abdullanın hekayəsindən də yazıb. O, məktəbdən evə gəlib və peycer səsini eşidib. Qurğunu atasına aparmaq üçün götürüb. Bu zaman peycer partlayıb. Fatimə vəfat edib.
Partlamış peycerlərin fotoşəkilləri əsasında onların Tayvanın “Gold Apollo” şirkətindən alındığı müəyyən edilib. Ertəsi gün şirkət, fotoşəkillərdə və videolarda göstərilən AR-924 peycerlərinin Budapeştdə yerləşən “BAC Consulting” tərəfindən istehsal edildiyini və cihazları “Gold Apollo”nun özü istehsal etmək üçün lisenziya aldığını açıqlayıb.
“Financial Times” Macarıstan reyestrinə istinadən yazır ki, “BAC Consulting” 2022-ci ilin mayında hazırda 49 yaşı olan Kristiana Rosariya Barsoni-Arçidiakono tərəfindən təsis edilib. Onun “LinkedIn” profilində hissəciklər fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsi olduğu və Londondakı Şərqşünaslıq və Afrika Tədqiqatları Məktəbində (SOAS) və London İqtisadiyyat Məktəbində işlədiyi yazılıb. Barsoni-Arçidiakono NBC-yə şirkətin “Gold Apollo” ilə işlədiyini təsdiqləyib, lakin peycerlər haqqında soruşduqda, onları istehsal etmədiklərini söyləyib. “Mən sadəcə vasitəçiyəm. Düşünürəm ki, yanılırsınız”, deyə o bildirib.
“Reuters”in Qərb təhlükəsizlik dairələrindəki mənbəsinin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin 8200-cü bölməsi bir ildən çox müddətə hazırlanan əməliyyatın planlaşdırılmasında iştirak edib. Bu bölmənin mütəxəssisləri partlayıcı maddələrin doldurulması mərhələsinin istehsal prosesinə necə tətbiq olunacağını sınaqdan keçiriblər. “Reuters” yazır ki, elit bölmə olan 8200, kəşfiyyat məlumatlarının toplanması üçün alətlər hazırlayır və istifadə edir, nadir hallarda ictimai bəyanatlar verir.
Livandakı partlayışlar silsiləsi bununla da bitməyib - ertəsi gün, sentyabrın 18-də Beyrutda bir gün əvvəl öldürülənləri dəfn etməyə başlayanda yenidən partlayış səsləri eşidilib. Yapon elektronika istehsalçısı “Icom”un IC-V82 modellərinin fotoşəkillərinə əsasən, bu dəfə partlayışlar rasiyalarda baş verib. Şirkət elə həmin gün bəyanat yayıb. Bəyanatda bildirilir ki, 2004-cü ildən Yaxın Şərqə tədarük edilən bu radioların istehsalı 2014-cü ildə dayandırılıb. Üstəlik, 2020-ci ildən bəri şirkət bazarda mövcud olan demək olar ki, bütün IC-V82 rasiyalarının saxta olduğu barədə xəbərdarlıq edib. Livanın səhiyyə nazirinin son məlumatlarına görə, iki gün ərzində partlayışlar nəticəsində 37 nəfər həlak olub. Radioların partlaması nəticəsində ən azı 450 nəfər xəsarət alıb.
NYT partlayışların ikinci dalğası zamanı nəşrinə müxbirinə yaxınlaşan və uşaqlarına zəng etməsi üçün yalvaran bir qadını təsvir edib. Jurnalist ona mobil telefon verəndə, qadın titrəyən əlləri ilə nömrə yığıb və qışqırıb: “Telefonları dərhal söndür!”