Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu təsdiqləyib. Bu barədə “NewsGeorgia” məlumat yayıb.
Qanunu 84 deputat dəstəkləyib, müxalifət isə səsvermədə iştirak etməyib.
Layihə hakim “Gürcü arzusu” partiyası tərəfindən təqdim olunmuşdu.
Qəbul edilmiş sənəd eynicinsli nikahları, eyni cinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini və transgender keçidini qadağan edir. Həkimlərə transseksual keçidi asanlaşdıran əməliyyatlar və digər manipulyasiyalar etmək qadağandır. Bu cür prosedurların həyata keçirilməsi həbs də daxil olmaqla, cinayət məsuliyyətinə səbəb olur.
Bundan əlavə, təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində eynicinsli münasibətlərin “populyarlaşdırılmasına” yönəlmiş məlumatların reklamı və yayılması qadağandır. LGBTQ+ insanların “təbliğatına” yönəlmiş ictimai toplantıların (mitinq və ya yürüşlərin) keçirilməsi də qadağan olunub.