Qalmaqallı Kamilə Vəliyeva medalsız qaldı

Pekində keçirilən Qış Olimpiya Oyunlarında  Qadınların fərdi yarışında Rusiya təmsilçisi Anna Şerbakova 255.95 xalla çempion olub. Gümüş medal da rusiyalı idmançıya qismət olub, 251.73 xal yığan Aleksandra Trusovaya. Bürüncə isə 233.13 xal yığan yaponiyalı Kaori Sakamoto sahiblənib.

Rusiyalı qalmaqallı fiqurlu konkisürən Kamilə Vəliyeva ümumi hesabda dördüncü yerə çıxıb. Azərbaycan təmsilçisi Yekaterina Ryabova bugünkü çıxışına görə münsiflərdən 119.15 xal alıb.

Bundan öncə, Pekində keçirilən Qış Olimpiya Oyunlarında Rusiya Olimpiya Komitəsinin (ROK) adından yarışan fiqurlu konkisürmə üzrə idmançı Kamilə Vəliyevanın oyunlardan əvvəl dopinq qəbul etdiyi məlum olub.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İsveçdəki laboratoriyasında aparılan sınaqda qadağan olunmuş maddələr mübadiləsi tənzimləyicisi olan "trimetazidin" aşkar edilib.

Qısa proqramda Ryabova 61.82 xal toplayaraq 16-cı yerdə idi. Ümumilikdə 179.97 xal yığan Ryabova nəticədə 15-ci yerə qalxa bilib.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ