Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu ilə əlaqədar Rusiya bu bölgəyə 60 min hərbçi göndərib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. O, bu rəqəmi NBC News-a müsahibəsində qeyd edib.
Zelenskinin sözlərinə görə, hücumun məqsədlərindən biri Rusiya qoşunlarını bu əraziyə toplamaqdır. Zelenski bunun qismən uğurlu olduğunu iddia edir, çünki Rusiya komandanlığı Ukrayna ordusunun müdafiəni saxlamaqda çətinlik çəkdiyi “bəzi yerlərdən” qoşunlarını Kursk istiqamətinə çəkib. Eyni zamanda, Rusiya ordusu Pokrovsk istiqamətində irəliləyən şəxsi heyətin sayını azaltmayıb.
Kursk vilayətində 60 min Rusiya hərbçisinin olması barədə məlumatın müstəqil təsdiqi yoxdur.
Avqustun 27-də Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırski iddia edib ki, “artıq 30 minə yaxın [Rusiya] hərbi qulluqçusu Kursk istiqamətində yerləşdirilib və bu rəqəm artmaqdadır”. O qeyd edib ki, Rusiya ordusu Pokrovsk istiqamətində səylərini artırır və digər istiqamətlərdən hərbçilərini Kursk vilayətinə keçirmək üçün bölmələri çıxarmağa çalışır.
Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətində hücuma başlayıb. Analitiklər əməliyyatın əsas məqsədini Moskvanı Rusiya ordusunun irəlilədiyi Donetsk bölgəsindən qüvvələri köçürməyə məcbur etmək cəhdi adlandırıblar.
Zelenski bəyan edib ki, Ukrayna Kursk vilayətinin ələ keçirdiyi ərazilərinin işğalını qeyri-müəyyən müddətə davam etdirməyi planlaşdırır. O iddia edib ki, Kiyev ələ keçirdiyi əraziləri ilhaq etmək niyyətində deyil və əraziləri saxlamaq “qələbə planının” bir hissəsidir.
“The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb ki, Rusiya tərəfinə Kursku ukraynalılardan təmizləmək üçün ən azı 50 min əsgər lazımdır.