Putin Xəzər dənizi ilə bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib.

Putin bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə deyib.

Qeyd edək ki, Xəzərin dayazlaşması problemi Rusiya və Azərbaycan prezidentlərinin bu yaxınlarda Bakıda keçirilən görüşündə müzakirə olunub.

“Mən bu yaxınlarda Azərbaycanda oldum. Bizim həmkarımız, Azərbaycan Prezidenti Xəzərin dayazlaşması məsələsinə diqqət çəkdi”, - deyə Putin bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Həştərxan vilayəti ilə əməkdaşlıqdan müsbət yöndə danışıb.

Vladimir Putin Xəzərin dayazlaşması məsələsi ilə bağlı hökumətə göstəriş verəcəyini qeyd edib.

“Ancaq siz Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin bu qəbildən elmi təhlilini aparmaq xahişi ilə müvafiq müraciət hazırlayıb mənim adıma göndərin ki, Xəzər dənizinə kömək etmək üçün yaxın gələcəkdə nə etmək lazım olduğunu anlayaq”, - deyə Rusiya prezidenti müvafiq göstəriş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ