“Telegram” messencerinin təsisçisi Pavel Durov “Paris Le Burje” hava limanında saxlanılıb. Bu barədə Fransanın TF1 və BFMTV telekanalları mənbələrə istinadən məlumat yayıb. 39 yaşlı iş adamı şəxsi təyyarəsi Azərbaycandan Fransa paytaxtına gələn zaman saxlanılıb. Durovla birlikdə mühafizəçi və adı açıqlanmayan qadın olub
Durov Fransa Hava Nəqliyyatı Jandarma İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs qərarı Fransa məhkəmə polisi tərəfindən təfərrüatı açıqlanmayan “ilkin istintaq” əsasında verilib.
TF1-in məlumatına görə, Fransada Durov terrorizm, narkotik, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların satışı və uşaqlara qarşı seksual xarakterli cinayətlərlə bağlı ittihamlarla üzləşə bilər. Bütün bunlar “Telegram”da moderasiyanın olmaması, həmçinin messencer administrasiyasının hakimiyyət orqanları ilə müxtəlif Telegram alətlərindən istifadə zamanı (kriptovalyuta və birdəfəlik nömrə kimi) əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.
TF1-in mənbəsi hesab edir ki, “Telegram”ın yaradıcısı çox güman ki, həbs olunacaq. Hazırda o, nəzarətə götürülüb.
Qeyd olunur ki, Durov haqqında həbs qərarı yalnız Fransada etibarlıdır. İş adamı ölkədə “persona non qrata” olduğunu bilirdi, o, Avropada az səyahət edirdi və “Telegram”ın işinin təhlükəsizlik qüvvələrinin nəzarəti altında olduğu ölkələrdən qaçırdı. “Bu gün səhv etdi. Səbəbini bilmirik”, - deyə jurnalistin mənbəsi əlavə edib.
2014-cü ildə Rusiyadan mühacirət edən Pavel Durov 2021-ci ildə Fransa vətəndaşlığı alıb. O, son illərdə Birləşmiş Ərəb Əmirliklərində yaşayırdı.
TF1 yazır ki, Fransa hakimiyyəti Pavel Durovun həbsindən digər Avropa ölkələrinə terrorçuların da istifadə etdiyi şifrələnmiş messencerlərlə daha fəal mübarizə aparmaq üçün təzyiq göstərmək üçün istifadə edə bilər. Durovun həbsindən sonra “Telegram” daxilində əməliyyatlar üçün istifadə edilən Toncoin (TON) kriptovalyutası 14% ucuzlaşıb.