Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya prezidenti Vladimir Putinin etimad reytiqinin rekord həddə azalmasını qeydə alıb. Məlumatlarının müstəqil təsdiqi yoxdur.
Mərkəzin saytında yerləşdirilən məlumatda deyilir ki, avqustun 12-dən 18-dək olan həftə ərzində prezidentin reytinqi 3,5 faiz bəndi azalaraq 73,6%-ə çatıb. Bir həftə əvvəl, avqustun 5-dən avqustun 11-dək bu göstərici 77,1% təşkil edib. Respondentlərə “Ümumiyyətlə, siz prezidentin fəaliyyətini bəyənirsiniz, ya yox?” sualı verilib.
Bildirilir ki, Putinə etimad səviyyəsi eyni zamanda 2,6 faiz bəndi azalaraq 78,2% (bir həftə əvvəl - 80,8%) təşkil edib.
Bu, 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinin başlanmasından bəri hər iki göstərici üzrə rekord azalmadır. Müharibə dövründə prezidentin işini bəyənmə reytinqi 2023-cü ilin yay-payızında, “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin üsyanından sonra 73,6%-dən aşağı düşmüşdü. Reytinq 2023-cü il avqustun 7-dən avqustun 13-dək olan həftə ərzində ən aşağı həddə (72,6%) çatıb.
Putinə etimad reytinqi müharibə zamanı iki dəfə - 2022-2023-cü ilin payız-qış aylarında səfərbərlik dövründə və 2023-cü ilin yay-payızında Priqojinin üsyanından sonra 78%-dən aşağı düşüb. Sosioloqlar 2023-cü il iyulun 31-dən avqustun 6-dək olan həftə ərzində minimum reytinq həddini (76,7%) qeydə alıblar.
Putinin reytinqindəki eniş İctimai Rəy Fondu (FOM) tərəfindən də qeydə alınıb. Levada Mərkəzi öz məlumatlarını avqustun sonunda təqdim etməyi planlaşdırır.
Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətinin sərhəd rayonlarına hücuma başlayıb. Bunun fonunda vilayətin sərhədyanı rayonlarını 133 min nəfər tərk edib. Kiyevin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın min kvadrat kilometrdən çox ərazisinə və 93 yaşayış məntəqəsinə nəzarət edir.