X günü: Rusiya Ukraynaya hücum edəcəkmi? - VİDEO

Sabah, fevralın 16-da, bütün dünyanın gözü Ukraynada olacaq. Belə ki, son vaxtlar bir sıra qərb KİV-ləri, o cümlədən “Bloomberg”, “Spiegel” və “Politico” nəşrləri, 15-16 fevral tarixlərində Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlar yayıblar. 

Buta.media xəbər verir ki, “Politico” nəşrinin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden müttəfiqləri ilə danışıqlar zamanı Rusiyanın məhz fevralın 16-da Ukraynaya hücum edəcəyini açıqlayıb. Nəşr dəqiqləşdirir ki, ABŞ liderinin həmsöhbətləri NATO, Aİ, Böyük Britaniya, Almaniya, Polşa, Kanada, Rumıniya və İtaliya nümayəndələri olublar.

Birləşmiş Ştatların administrasiyasında iki mənbə “Politico”nun məlumatını təsdiqləyiblər.

Bundan əvvəl, fevralın 11-də ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyanın Ukraynaya Pekində keçirilən Qış Olimpiya Oyunları zamanı hücum edəcəyini bildirib – oyunlar fevralın 20-də başa çatır. Sallivan qeyd edib ki, ABŞ prezident Vladimir Putinin qonşu dövlətə qarşı aqressiya aktı ilə bağlı dəqiq qərar verməsinə tam əmin deyil.

Öz növbəsində, Ukrayna prezidenti Zelenski xalqa müraciəti zamanı bildirib ki, müharibə artıq səkkiz ildir davam edir, lakin indi məsələ ətrafında risk yox, daha çox ajiotaj yayılır. Ukrayna Prezidenti əmin edib ki, hazırda təşvişə düşməyə və ya kibrit və uzun müddət üçün ərzaq almağa, misal üçün qarabaşaq, heç bir səbəb yoxdur.

Zelenski hesab edir ki, Rusiya və Ukrayna arasında müharibə riski azdır, ABŞ rəsmilərinin bəyanatlarını isə vəziyyəti gərginləşdiri. O, Qərbdən Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyi ilə bağlı sübutlar tələb edib.

“Əgər sizdə və ya sizin adamlarınızda Rusiya Federasiyasının fevralın 16-da Ukraynaya hücum edəcəyi ilə bağlı yüz faizlik sübut varsa, xahiş edirik bizə təqdim edəsiniz”, - Zelenski deyib.

Bütün baş verənlər fonunda ABŞ, İsrail, eləcə də Aİ-nin bir çox ölkəsi vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyyə edib. Qərb ölkələri səfirliklərini paytaxt Kiyevdən Lvova köçürməyə başlayıb. Bundan əlavə bəzi aviaşirkətlər Ukrayna üzərindən reyslərin həyata keçirilməsini dayandırmağı planlaşdırıb.

Bununla yanaşı, Ukrayna Radasını bəzi deputatları, eləcə də, diplomatlar, məmurlar və iş adamları ölkədən qaçmağa başlayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski onları geri qayıtmağa çağırıb.

“Öz adımdan xahiş etmək istəyirəm ki, onlar 24 saat ərzində ölkəyə qayıtsınlar. Hesab edirəm ki, onlar qayıtmalıdırlar. Əks halda dövlət, rəhbərlik olaraq hamımız nəticə çıxarmalıyıq”, - deyə Zelenski bəyan edib.

Və, nəhayət, bu gün, fevralın 15-də, Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk (DXR və LXR) respublikalarının tanınması ilə bağlı layihəni dəstəkləyib.

Qətnamə artıq prezident Vladimir Putinə təqdim olunub. 

Ukraynalılar isə genişmiqyaslı müharibənin baş verəcəyinə inanmırlar. Lakin Rusiya-Ukrayna sərhədində cəmlənən hərbi texnika və ölkələr arasındakı gərginliyin pik həddinə olmasının nəzərə alsaq, istənilən güllə səsi, hətta təsadüfən açılan atəş, mürahibəyə səbəb ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ