Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya avqustun 14-də “Sabah” qəzetinə müsahibəsində bildirib ki, Türkiyə hökuməti ölkəyə turizm məqsədi ilə daxil olan şəxslərə yaşama icazəsi verməyəcək.
Nazirin sözlərinə görə, 95 ölkənin (Aİ ölkələri də daxil olmaqla) vətəndaşları Türkiyəyə vizasız daxil ola və 6 aya qədər ölkədə qala bilər, lakin turizm məqsədi ilə gələn insanlar yaşama icazəsi üçün müraciət edə bilməzlər.
“Turist kimi gəlsəniz, “mən çoban işləmək istəyirəm” deyə bilməzsiniz. Öz ölkənizə gedin, orada iş icazəsi üçün müraciət edin, biz sizi qiymətləndirəcəyik. Niyyətləriniz barədə məlumat verin, onlara uyğun olaraq sizə yaşama icazəsi verək”, - deyə nazir bildirib.
Əli Yerlikaya müsahibəsində miqrasiya sahəsində digər təşəbbüslərdən də danışıb. Belə ki, Türkiyə hakimiyyəti ölkəyə daxil olan bütün əcnəbilərin barmaq izinin məcburi alınmasını tətbiq etməyi planlaşdırır. Onun sözlərinə görə, barmaq izləri Böyük Britaniya və ya ABŞ-a girərkən olduğu kimi “gələcəkdə” götürülməyə başlayacaq.
Bundan əlavə, nazir əlavə edib ki, yaşama icazəsinin alınması sadələşdiriləcək - sənədi notariusdan almaq olar. Xarici tələbələr universitetlərdə yaşama icazəsi ala biləcəklər.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri müsahibənin böyük hissəsini Suriyadan olan mühacirlərə həsr edib. Onun sözlərinə görə, Türkiyədə 4,4 milyon əcnəbi qeydiyyatdadır ki, onlardan 3,1 milyonu Suriyadandır. Suriyalıların təxminən üçdə birinin (1,1 milyon) Türkiyədə yaşama icazəsi var, 224 mini isə beynəlxalq mühafizə altındadır.