Ukrayna ordusu 28 yaşayış məntəqəsini nəzarətə götürüb - Kursk vilayətinin başçısı

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinlə görüşdə bölgədəki vəziyyəti “mürəkkəb” adlandırıb. Bu barədə RİA Novosti məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 28 yaşayış məntəqəsinə nəzarət edir.

“Ukrayna hərbçiləri Kursk vilayətinin ərazisinə 12 kilometr dərinliyə daxil olublar”, - Smirnov bildirib.

O əlavə edib ki, yerli hakimiyyət orqanlarının Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin yaşayış məntəqələrində olan iki minə yaxın insanın taleyi barədə məlumatı yoxdur.

Smirnovun sözlərinə görə, Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb. Bu günədək Kurskun sərhədyanı rayonlarını 121 minə yaxın sakin tərk edib. Qubernator əlavə edib ki, ümumilikdə 180 min insan təxliyə edilir.

Smirnov onu da qeyd edib ki, problemlərdən biri dəqiq cəbhə xəttinin olmamasıdır ki, bu da Ukrayna Silahlı Qüvvələrinin yerini müəyyənləşdirməyi çətinləşdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ