Vladimir Zelenski iş adamlarına və siyasətçilərə 24 saat vaxt verdi

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu yaxınlarda ölkəni tərk edən iş adamları və siyasətçilər 24 saat ərzində geri qayıtmalıdırlar.

“Ölkə xaricində olan insanlardan Ali Rada, spiker, dövlət və öz adımdan xahiş edirəm ki, 24 saat ərzində qayıtsınlar”, - Zelenski Kiyevdə Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında deyib.

“Bu, vacib məqamdır, "ölkəmizin birlik anıdır", - Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, əks halda, “hamımız bir ölkə, bir rəhbərlik olaraq ciddi nəticələr çıxarmalı olacağıq”. 

Ukrayna prezidenti əlavə edib ki, təkcə fevralın 13-də Ukraynadan 30 çarter reysi çıxıb. 

Zelenski həmçinin vurğulayıb ki, onun ailəsi ölkədə qalıb və Ukraynanı tərk etmək niyyətində deyil.

Öz növbəsində, Ukrayna mediası yazır ki, son bir neçə gün ərzində Rusiyanın yaxınlaşan işğalı ilə bağlı xəbərlər fonunda ölkənin ən zənginləri siyahısına daxil olan bir çox iş adamı Ukraynanı tərk edib. Xüsusilə qeyd olunub ki, iş adamları tərəfindən çarter reyslərinin bronlaşdırılmasına və şəxsi təyyarələrin sifarişinə belə maraq son 6 ildə müşahidə olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ