Bu gün səhər saatlarından Türkiyədə instaqrama giriş bloklanıb.
“Hürriyet”in məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı tənzimləmələrə əməl edilməməsi ilə əlaqəli olduğunu açıqlayıb.
Məlumata görə, sözügedən paylaşımlar Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu ilə tənzimlənir və həbs üçün əsas hesab edilir.
Bundan başqa, bunun iyulun 31-i İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin raket zərbəsi nəticəsində öldürülməsi fonunda edilən paylaşımlarla bağlı olduğu iddia edilir. Belə ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Haniyənin qətlindən sonra başsağlığı mesajı yayımlayıb, lakin instaqram sözügedən paylaşımı silib. Daha sonra Altun açıqlama yayaraq bildirib: “Heç bir səbəb göstərmədən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan sosial media platforması instaqramı şiddətlə qınayıram. Bu, çox aydın və aşkar senzura cəhdidir”.
Qeyd edək ki, həmin qadağalara qəsdən adam öldürmə, intihara təşviqetmə, miqrant qaçaqmalçılığı, uşaqların cinsi istismarı, işgəncə, dərmanların istifadəsini asanlaşdırmaq, düşmənlə əməkdaşlıq, dövlət təhlükəsizliyi və ya konstitusiya nizamı əleyhinə cinayətlər törətmək üçün təşkilatın yaradılması, Türkiyə Cümhuriyyəti hökumətinə qarşı silahlı üsyan, sağlamlıq üçün təhlükəli maddələrin təchizatı, fahişəlik, cinayət törətmək üçün təşkilat yaratmaq cəhdi, qumar üçün məkanların təmin edilməsi, Atatürkə qarşı törədilən cinayətlər, soyqırım cinayəti, dövlətə qarşı müharibəyə çağırış, insan alveri cinayəti, oğurluq, dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaqla bağlı maddələr daxildir.