Milli Seçki Şurasının hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyini elan etdiyi prezident seçkilərindən sonra minlərlə müxalifət tərəfdarı Karakas və Venesuelanın digər şəhərlərində etiraz aksiyası keçirib. Ümumilikdə 20 ştatda 187 etiraz aksiyası qeydə alınıb.
“Reuters” və BBC-nin məlumatına görə, etirazlar iyulun 29-u axşam saatlarında başlayıb. Əvvəlcə bütün ölkədə “kaserolazo” (boş qablar yürüşü) adlandırılan nümayişlər başlayıb - iştirakçılar prezident Maduronun özünü qalib elan etməsinə etiraz olaraq qazan və tavalara vurmağa başlayıblar. Bundan sonra küçə etirazları polislə toqquşmaya çevrilib.
Miles de ciudadanos salieron a las calles en Caracas, Venezuela para manifestarse en contra de la reelección del líder del régimen, Nicolás Maduro, por parte del CNE.
— NTN24 (@NTN24) July 29, 2024
Miles de personas inundaron las calles de varios barrios de la capital gritando "¡Libertad, libertad!" y "¡Este… pic.twitter.com/QpIv2j9t6D
Karakasda minlərlə etirazçı şəhərin mərkəzindən keçib. BBC yazır ki, onlardan bəziləri paytaxtın ətrafındakı dağlarda yerləşən gecəqondu məhəllələrindən prezident sarayına qədər bir neçə kilometr piyada gediblər. Etirazçılar “Azadlıq!”, “Bu güc yıxılacaq!” şüarları səsləndiriblər və Maduronun portretlərini, təkərlər və zibilləri yandırıblar. Koro şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.
Paytaxtda polis və hərbçilər etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Buna cavab olaraq bəzi nümayişçilər onlara daş, yanar maye butulkaları və digər əşyalar atıblar. Maduronun hakimiyyətini dəstəkləyən paramilitar təşkilatların üzvləri olan “kollektivlər” etirazçıları dağıtmağa kömək ediblər.
En medio de la ola de protestas por los cuestionados resultados del CNE en las presidenciales de Venezuela, derriban estatua de Hugo Chávez en Coro, estado Falcón. //t.co/wQJ3fYr0o7 pic.twitter.com/JzNRxqdo7x
— NTN24 Venezuela (@NTN24ve) July 29, 2024
Müxalifət bildirib ki, Venesuela təhlükəsizlik qüvvələri altı müxalifin mart ayından bəri yaşadığı Argentinanın Karakasdakı səfirliyinə iki dəfə girməyə cəhd edib.
“Associated Press” xəbər verir ki, etirazçılar Karakasın maliyyə rayonundan keçərkən toqquşma iştirakçılarından biri (nəşrdən onun müxalifət tərəfdarı, yoxsa Maduro olması bəlli deyil) tapançadan atəş açıb. Agentliyin məlumatına görə, xəsarət alan olmayıb.
“Reuters” iddia edir ki, etirazlar zamanı azı iki nəfər həlak olub: biri iyulun 30-na keçən gecə sərhəddə yerləşən Taçira əyalətində, digəri isə bazar ertəsi Venesuelanın şimalındakı Marakay şəhərində ölüb. AFP hüquq müdafiəçiləri “Foro Penal”a istinadən bildirir ki, etirazlar zamanı Yarakuy əyalətində bir nəfər ölüb, 46 nəfər saxlanılıb. Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopezin sözlərinə görə, iğtişaşlar zamanı 23 hərbçi yaralanıb.
Nikolas Maduro xüsusi televiziya müraciətində etirazları şərh edib. O bildirib ki, Venesuelada “yenidən faşist və əksinqilabi xarakterli çevriliş həyata keçirməyə cəhd edilir”. “Bizi heç vaxt nifrət motivasiya etməmişik. Əksinə, biz həmişə güclülərin qurbanı olmuşuq”, - o deyib.
Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Milli Seçki Şurası bülletenlərin 80%-ni hesabladıqdan sonra Nikolas Maduronun 51,2% səs toplayaraqmüxalifətin vahid namizədi, 74 yaşlı keçmiş diplomat Edmundo Qonzalesi ( 44,2%) qabaqlayıb. Daha sonra Milli Seçki Şurası rəsmi olaraq Maduronu seçkinin qalibi elan edib.
Müstəqil exit-poll göstərib ki, seçicilərin 65%-i Qonzalesi dəstəkləyib, 14%-31%-i isə Maduroya səs verib. Onlar etirazçıları sakit olmağa və iyulun 30-da səhər dinc mitinqə toplaşmağa çağırıblar.
ABŞ dövlət katibi Entoni Blinken “elan edilən nəticənin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlıqların olduğunu” deyib. Avropa İttifaqı və Braziliya Venesuelada prezident seçkilərində səslərin hesablanmasında şəffaflıq tələb edib. Argentina, Qvatemala, Dominikan Respublikası, Kosta-Rika, Panama, Paraqvay, Peru, Uruqvay və Ekvador Venesueladakı seçkilərin nəticələrinə tam şəkildə yenidən baxılması üçün Amerika Dövlətləri Təşkilatının (ADT) təcili iclasını çağırıb.
Rusiya prezidenti Vladimir Putin artıq Maduronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Kreml də öz növbəsində Venesueladakı müxalifətin məğlubiyyətlə barışmalı olduğu fikrini bildirib. “Biz hesab edirik ki, müxalifət bu seçkinin qalibini təbrik etməlidir”, Kremlin sözçüsü Dmitri Peskov deyib. O, ölkədəki etirazları “vəziyyəti sarsıtmaq cəhdləri” adlandırıb və “üçüncü ölkələrə” müdaxilə etməmək barədə xəbərdarlıq edib.
Tənqiddən sonra Venesuela Xarici İşlər Nazirliyi Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən olan bütün diplomatik personalı geri çağırmaq qərarına gəlib. Venesuela hakimiyyətinin hərəkətlərinə cavab olaraq Peru Xarici İşlər Nazirliyi venesuelalı diplomatlara 72 saat ərzində ölkəni tərk etməyi əmr edib.
BBC-nin qeyd etdiyi kimi, 2018-ci ildə Venesuelada keçirilən son prezident seçkiləri zamanı etirazlar bir neçə ay davam etdi, lakin Maduro və onun Vahid Sosialist Partiyasının hakimiyyəti yerində qaldı. Maduro 2013-cü ildən hakimiyyətdədir. Yeni prezidentlik müddəti onun üçüncü müddəti olacaq.