Rusiya qoşunları iyulun 8-də səhər saatlarında Kiyevə və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirib. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.
Kiyevin meri Vitali Kliçko bildirib ki, raket şəhərin Şevçenkovski rayonundakı uşaq xəstəxanasının binasına düşüb. Kliçko bildirib ki, insanlar şəhərin digər xəstəxanalarına təxliyə edilir.
Ukrayna Prezidentinin Aparat rəhbərinin kommunikasiyalar üzrə müşaviri Daria Zarivna Kiyevdə xəstəxananın atəşə tutulması nəticəsində yaralanan uşağın fotosunu dərc edib. Teleqram kanallarının məlumatına görə, dağıntılar altında uşaqlar ola bilər. Bu məlumat təsdiqini tapmayıb.
Hərbi administrasiyanın rəhbəri Sergey Popko və şəhərin meri Vitali Kliçko bildiriblər ki, ilkin məlumatlara görə, Kiyevdə 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ukraynanın digər şəhərləri də atəşə tutulub
Dnepropetrovsk vilayətinin Dnepr və Krivoy Roq, Xerson vilayətinin Skadovsk, Donetsk vilayətinin Kramatorsk şəhərlərində də partlayışlar baş verib. Ukrayna mətbuatı Kramatorskda Novokramatorsk Maşınqayırma Zavodunun atəşə tutulduğunu yazır.
Krivoy Roqda kütləvi hücum nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanı 40-dan çox raketlə vurduğunu bildirib.
“Rusiya terrorçuları yenidən raketlərlə Ukraynaya kütləvi şəkildə hücum ediblər. Fərqli şəhərlər: Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk. Müxtəlif növ 40-dan çox raket. Yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib. Mümkün qədər çox insanı xilas etmək üçün bütün xidmətlər cəlb olunub”, - deyə Zelenski bildirib.