İyulun 4-də Astanada keçirilən sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçıları Belarusun təşkilata tamhüquqlu üzv olmasına dair sənəd imzalayıblar. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
“Belarus Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmaq yolunda lazımi prosedurları başa çatdırıb”, - Tokayev bildirib.
Əvvəllər ŞƏT-də müşahidəçi statusuna malik olan Belarus təşkilatın onuncu üzvü olub.
İyulun 3-4-də Astanada ŞƏT sammiti keçirilir.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Belarus qoşulmazdan əvvəl təşkilata 9 ölkə - Rusiya, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Özbəkistan daxil idi. Bundan əlavə, iki ölkə - Əfqanıstan və Monqolustan müşahidəçi statusuna malikdir. ŞƏT-in həmçinin 14 dialoq tərəfdaşı ölkəsi var.
Əvvəlcə altı ölkədən ibarət olan Şanxay Əməkdaşlıq Təşkilatı 2017-ci ildən fəal şəkildə genişlənir. Həmin il təşkilata Hindistan və Pakistan qoşulublar. 2021-ci ildə İran təşkilata üzv olub.