ABŞ Ukraynaya 2,2 milyard dollar hərbi yardım ayırıb

ABŞ Ukraynaya Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb. Bu barədə Pentaqon məlumat yayıb.

Qeyd olunur ki, ABŞ prezidenti Co Baydenin administrasiyası bu silahların Kiyevə çatdırılmasını sürətləndirməyi planlaşdırır. Vəsait Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq.

“Nəticədə Ukrayna öz əhalisini və kritik infrastrukturunu Rusiyanın hava hücumlarından qorumaq üçün çox ehtiyacı olduğu zenit-raket komplekslərini alacaq”, - hesabatda deyilir.

Bundan əlavə, Bayden Kiyevə 150 ​​milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib. Bu yardım paketinin bir hissəsi kimi Ukrayna ABŞ ehtiyatlarından HIMARS sursatları, raket sistemləri, artilleriya mərmiləri və digər silahlar alacaq.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, bu, Baydenin aprel ayında Ukraynaya yardım üçün vəsait ayrılmasını nəzərdə tutan milli təhlükəsizlik qanununu imzalamasından sonra Kiyevə yeddinci yardım paketidir. Pentaqon qeyd edib ki, 2021-ci ildən bu, ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından Kiyevə verilən 60-cı hərbi yardım paketidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ