İyulun 2-də səhər saatlarında Macarıstan hökumətinin başçısı Viktor Orban Kiyevə gedib.
Bu, Orbanın Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Kiyevə ilk səfəridir.
Avropa İttifaqı və NATO-ya üzv ölkələrin liderləri arasında Orban ən çox Ukraynaya hərbi yardımı tənqid edib, həmçinin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləməyib.
Orban həm də müharibə başlayandan Rusiya prezidenti Vladimir Putinlə görüşən azsaylı xarici liderlərdən biridir.
Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Orbandan başqa demək olar ki, bütün Aİ liderləri Kiyevə səfər ediblər.
Ukrayna prezidenti Vladimir Zelenski bir neçə dəfə Viktor Orbanı ölkəyə dəvət edib, lakin baş nazir əvvəllər bu təkliflərin heç birini qəbul etməyib.