İranda keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün iyulun 5-də ikinci tur baş tutacaq.
Bu barədə İran Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami “IRIB” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, bütün 58,6 min seçki məntəqəsində 24,5 milyon səs hesablandıqdan sonra keçmiş səhiyyə naziri Məsud Pezeşkian 10,4 milyon, mühafizəkar Səid Cəlili isə 9,5 milyon səs toplayıb.
Həmçinin bildirilib ki, seçkilərdə iştirak 40% təşkil edib ki, bu da İslam Respublikası tarixində ən aşağı göstəricidir.
İkinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib.