Nazarbayevin adamları vəzifələrini itirirlər: Ölkə kütləvi iğtişaşlardan sonra necə dəyişir?

Qazaxıstanda baş verən kütləvi iğtişaşlar zamanı ölkənin ilk prezidenti Nursultan Nazarbayev susmağa üstünlük verdi. Bu, Nazarbayevin vəfatı və ya ölkədən qaçması ilə bağlı bir çox şayiələrin yayılmasına səbəb oldu. Lakin yanvarın 18-də o xalqına müraciət edərək hazırki prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırdı və Qazaxıstan elitasının daxilində münaqişə ilə bağlı şayiələri təkzib etdi.

Bununla belə ilk prezidentin təyin etdiyi məmurlar və onun qohumları hakimiyyət orqanlarından və dövlətlə bağlı şirkətlərdən kənarlaşdırılırlar. Bir müddət əvvəl Nazarbayev özü sonuncu vəzifələrindən birini itirdi – hakim “Nur Otan” partiyasında sədrliyi. Hazırda partiyaya Tokayev rəhbərlik edir.

Niyə kütləvi iğtişaşlar Nazarbayevin hakimiyyətinin çöküşünə səbəb oldu və Qazaxıstan siyasətinin pərdəarxasında nə gizlənir?

Buta.media Lenta.ru-nun mövzu ilə bağlı hazırladığı materialı təqdim edir.

Yelbası ömürlük deyil

Tokayev hakimiyyəti öz əlində cəmləşdirməyə doğru ilk addımı artıq kütləvi iğtişaşlar zamanı atmışdır. O, yanvarın 5-də Nazarbayevi Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri vəzifəsində əvəz etdi. Bu vəzifəni Nazarbayev prezidentliyi Tokayevə təhvil verəndə saxlamışdı və bununla güc strukturlarına və orduya nəzarət edirdi.

Rəsmi olaraq, yerdəyişməni Nazarbayevin xəstə olması, Tokayevin isə “terrorçularla” mübarizə və kütləvi iğtişaşların dayandırılması üçün Təhlükəsizlik Şurasına nəzarət etmək lazım olması kimi göstərildi. Nazarbayevə yaxın mənbələr bildirirlər ki, səlahiyyətlərin ötürülməsi “könüllü” olaraq baş verib.

Yanvarın 19-da Qazaxıstan parlamentinin deputatları “Qazaxıstanın ilk prezidenti” ilə bağlı qanuna dəyişiklik ediblər. Nazarbayev Təhlükəsizlik Şurasında və Qazaxıstan Xalq Assambleyasında ömürlük sədrliyi itirib. Bundan əlavə, ölkənin xarici və daxili siyasətinin Nazarbayevlə razılaşdırılması ilə bağlı norma qanundan çıxarılıb.

Qazaxıstanın ilk prezidentində yalnız Konstitusiya Şurasının tərkibinə daxil olmaq və parlamentdə çıxış etmək hüquqları qalıb.

“Denazarbayevləşdirmə” ideyası yalnız hökümət kabinetlərində deyil, cəmiyyət arasında da geniş yayılıb. Ölkənin paytaxtı Nur-Sultan şəhərinin adının yenidən Astanaya qaytarılması ilə bağlı petisiyaya 20 mindən çox vətəndaş imza atıb (şəhərin adı 2019-cu ildə Nazarbayevin şərəfinə dəyişdirilib). Petisiyanın müəllifləri hesab edirlər ki, “cəmiyyətdə hazırki əhval-ruhiyyəni nəzər almaqla” paytaxtın adı mütləq dəyişdirilməlidir.

Aktivistlər həmçinin Almatıda Nazarbayev prospekti də daxil olmaqla, ölkənin ilk prezidentinin adı ilə bağlı bütün toponimləri dəyişirilməsini təklif edirlər. Digər petisiyada Nazarbayevi məhkəmə izlənməsindən ömürlük azad olunmasının ləğv edilməsi tələb olunur. Təşəbbüsü artıq 50 mindən çox insan dəstəkləyib. Petisiya müəllifləri həmçinin ölkənin ilk prezidentinin ailəsinin gəlirlərinin qanuni olmasını şübhəli sayırlar və hesab edirlər ki, demokratik cəmiyyətdə belə imtiyazlar qəbuledilməzdir.

Eyni əhval-ruhiyyə etirazçılar arasında da var idi. Yanvarın əvvəlində hökümət əleyhinə aksiyalar zamanı “Şal, get”!” (Qoca, get!”), şüarı eşidilirdi, Almatı vilayətinin Taldıqorkan şəhərində isə nümayişçilər Nazarbayevin heykəlini aşırıblar.

Sosioloq Pyotr Miloserdov hesab edir ki, Nazarbayevin miqyaslı şəxsiyyət kultu “sakit” devriləcək, Nazarbayev fiquru və onun ideoloji irsi yaxın illərdə qlobal çöküş yaşamayacaq, çünki hökümət bu məsələnin həllini mənasız sayır və bunu zamanın öhdəliyinə buraxacaq.

Bununla Kornegi Moskva mərkəzinin eksperti Temur Umarov da razıdır. O hesab edir ki, hazırda hakimiyyət Nazabayev şəxsiyyətinin kultunu mərhələli şəkildə ləğv olunması siyasətini aparır. Lakin onlar Nazarbayevin irsi ilə işləməyə davam edəcəklər və Yelbası (qazax dilində “ölkə başçısı” və ya “xalq lideri” rəsmi dövlət narrativindən çıxarılmayacaq.

Umarovun fikrincə, hakimiyyət Nazarbayevin neytral obrazını formalaşdırır – prezident postunda səhvə yol verən insan, lakin bu səhvlər onun siyəsətinin müsbət nəticələri ilə üstələnir .Və cəmiyyət buna görə ona minnətdar olmalıdır.

“Nazarbayev Qazaxıstan ideologiyasında vacib rol oynamağa davam edəcək, lakin bu əsas rol olmayacaq”, - ekspert qeyd edib.

Nazarbayev tarixi şəxsiyyət olaraq qalacaq, müasir Qazaxıstanın ata-banisi, lakin bizim son illərdə gördüyümüz şəxsiyyət kultu olmayacaq.


Temur Umarov

Böyük bölüşdürmə

Nazarbayevin özü kimi təyin etdiyi bir çox məmur da vəzifəsini itirib. Yanvarın 5-də Tokayev Əsgər Maminin başçılıq etdiyi hakimiyyəti istefaya göndərdi. Mamin ilk nazir postuna 2005-ci ildə ayaq qoymuşdur. Bir gün sonra prezident Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovu da vəzifəsindən kənarlaşdırdı. Məsimov əvvəllər Nazirlər Kabinetinə rəhbərlik edib və Qazaxıstan Prezident Administrasiyasında işləyib.

Hazırda Məsimov həbsxanadadır, onu dövlət çevrilişinin hazırlanmasında ittiham edirlər. Məsimovla birlikdə Qazaxıstanın Strateji Planlaşdırma və İslahat Agentliyinin rəhbəri Kayrat Kəlimbətov da vəzifəsini itirdi. Nazarbayevin dövründə o Prezident Administrasiyasının və Mərkəzi bankın rəhbəri vəzifəsini icra edib.

Nazarbayevin üçüncü qızı Dinaranın həyat yoldaşı Timur Kulibayev “Atakemen” Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən öz istəyi ilə vəzifəsini tərk edib. Yanvarın 15-də ilk prezidentin kiçik qızı Aliyənin həyat yoldaşı Dimaş Dosanov 2016-cı ilin avqust ayından tutduğu “KazTransOyl”da İdarə Heyətinin sədri vəzifəsini itirib. 2020-ci ildə isə sabiq prezidentin digər qızı Dariqa ilə yaxın əlaqələri olduğu hesab edilən Kayrat Şaripbayev “QazaqGaz”da İdarə Heyətinin sədri vəzifəsindən gedib.

Nazarbayevin qohumu Samat Abiş Milli Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini vəzifəsindən istefaya göndərilib. Nazarbayevin nəvəsinin qayınatası Berik İmaşev Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Qazaxıstanda bu şirkətin fəaliyyətini Nursultan Nazarbayevin kiçik qızı Aliyə ilə bağlayırlar.

İşdən çıxarılmadan daha dramatik hadisələr də baş verir. Yanvarın 26-da ekologiya nazirinin müavini Əhmədcan Primkulov və “Operator ROP” (avtomobillərin utilizasiyası ilə bağlı tullantıların təkrar emal edilməsi və ödənişlərin yığılması üzrə ixtisaslaşmış) şirkətinin İdarə Heyətinin sədri Mədət Kumarqaliyev həbs edilib. Elə həmin gün “Operator ROP” şirkətinin icraçı direktoru Ruslan Şamşiyev iş kabinetində intihar edib. Yanvarın 11-də Tokayev “Operator ROP”un fəaliyyətini tənqid edib və onun ödənişlərin yığılması səlahiyyətlərini əlindən alaraq dövlətə verib.

Qazaxıstan iqtisadiyyatında miqyaslı dəyişikliklər Tokayevin “ölkədə bir çox şirkətlər soyadlarının hamının bildiyi “sənaye-maliyyə qruplarına” aiddir” bəyanatı fonunda baş verib. Tokayev həmçinin Nazarbayev Xeyriyyə Fondu tərəfindən həyata keçirilən satınalmaların araşdırılmasında dair göstəriş verib.

“Ümid edirəm ki, hamınız əmin oldunuz: “Platon mənim dostumdur, lakin həqiqət daha qiymətlidir” formulu mənim üçün çox böyük əhəmiyyət daşıyır”


Kasım-Jomart Tokayev


Tokayev ölkə əhalisinin vacib məsələlərinin həll olunmasına dair ictimai sosial fondun yaradılması ilə bağlı göstəriş verib. O, həmçinin oliqarxlardan “mütəmadi ödənişlər” tələb edib. Onun sözlərinə görə, varlı, o cümlədən, Nazarbayevin hesabına zəngin olan insanlar öz pullarını xalqla “sistemli və mütəmadi şəkildə” bölüşdürməlidirlər. Tokayev ayrıca qeyd edib ki, fondun maliyyələşməsində dövlət strukturları ilə yanaşı, kölgədə qalan və böyük vəsaitlərə sahib olanlar da iştirak etməlidirlər.

Hələlik Tokayev heç bir ad çəkməyib. O, həmçinin Qazaxıstan İnkişaf Bakının vəsaitlərini şəxsi cüzdan kimi istifadə edən digər iri strukturların adını çəkmək istəməyib. Ümumilikdə prezident ölkədə dövlət dəstəyi ilə bağlı vəziyyəti “dostlara hər şey, digərlərinə qanun ilə” sözləri ilə izah edib. Onun fikrincə hazırki vəziyyətdə hökümət yalnız iri şirkətlərə dəstək olur, bu isə oliqopoliyanın (bazarın bir neçə oyunçu tərəfindən zəbt edilməsi) gücləndirir. Nəticədə böyük şirkətlər imtiyazlardan istifadə edərək rəqabəti “boğurlar” və islahatların qarşısını alırlar.
Sosioloq Pyotr Miloserdov hesab edir ki, Nazarbayev klanı pərdəarxası mübarizə aparmayacaq, qarşıdurmanı ictimai müstəviyə çıxarmayacaq və yeni hakimiyyətə müxalif olmayacaq.

“Kimin pulu və xaricdə evi var köçəçək oraya. Kimin yoxdur yeni hökümətin təklif etdiyi şərtlərlə fəaliyyət göstərəcək”.

Kornegi Moskva Mərkəzinin eksperti Temur Umarov, əksinə, əmindir ki, Nazarbayevi siyahıdan silmək olmaz. O qeyd edir ki, sabiq prezidentin ətrafının güclü zərbə görməsinə baxmayaraq, onlar hələ də ölkədə müəyyən nüfuza malikdirlər.

Dumanlı gələcək

Hələ bir neçə ay əvvəl Qazaxıstan təkcə Orta Asiyanın deyil, bütün dünyada ən sabit ölkələrdən biri kimi tanınırdı. Nazarbayevin hakimiyyəti ideal şəkildə təhvil verməsi görünürdü, lakin yeni prezidentin dövründə ilk etirazlar ölkəni xaosa sürüklədi. Hökümətin vəziyyəti nazərətə almasına baxmayaraq, Qazaxıstan artıq əvvəlki kimi olmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ