Rayan ürəklərimizi quyuda qoydu: Beş gün çuxurda qalan uşağın faciəvi sonu - FOTO

Mərakeşdə quyuya düşən beş yaşlı Rayan aldığı xəsarətlərdən vəfat edib. Xilasedicilər uşağın cəsədini şənbə günü axşam saatlarında çıxarıblar. Ölkənin kralı VI Məhəmməd, həmçinin İsrail və Fələstin rəsmiləri öz başsağıqlarını veriblər. Əməliyyatı sürüşmə təhlükəsi ilə bağlı çətinləşmişdi, xilasedicilər ekskavatorlardan istifadə edirək yaxınlıqda çuxur qazmağa çalışırdılar.

Mərakeş kralı VI Məhəmməd beş gün əvvəl 32 metrlik quyuya düşən beş yaşlı Rayanın ölümü barədə xəbər verib. Bu barədə Associated Press agentliyi məlumat yayıb.

Kral uşağın ailəsinə şəxsən zəng edərək “dərin kədər və təəssüf hissi” ilə başsağlığı verib. Bundan əlavə VI Məhəmməd ölkənin fövqəladə xidmətlərinə təşəkkür edib.

Rayanı şənbə günü, fevralın 5-də, axşam saatlarında quyudan çıxarıblar, lakin artıq gec idi.

İsrail və Fələstin rəsmiləri də başsağlığı veriblər. “Mərakeş xalqı ilə bir neçə günlük dualarımızdan sonra mən Rayanın ailəsinə başsağlığı verirəm”, - İsrailin müdafiə naziri Beni Gantz Twitter-də yazıb.

“Ağrı ürəklərimizi sıxır, Rayan öldü və bizim ürəklərimizi dərin quyuda qoydu”, - Fələstin hökümətinin rəsmi nümayəndəsi İbrahim Məlhəm Facebook-da qeyd edib.
Rayanın atası fevralın 1-də quyuda təmir işləri apararkən, oğlu ehtiyatsızlıqdan dərin quru çuxura düşüb. Hadisə zamanı uşaq başından travma alıb. Rayanı quyudan çıxarandan sonra məlum olub ki, onun onurğası bir neçə yerdən sınıb.

Xialsetmə əməliyyatında Mərakeş dağ xilasediciləri, speleoloqlar və polis əməkdaşları iştirak ediblər. Hadisə yerində Mərakeşdən şimalda yerləşən Şefşauen şəhərinin təcili tibbi yardım briqadası növbə çəkirdi.

Quyuya düşməyə sürüşmə təhlükəsi imkan vermirdi, bundan əlavə çuxurun giriş hissəsi böyük insanın keçməyi üçün çox ensiz idi. Bu səbəbdən quyunun kənarında əlavə qazıntı apararaq Rayanın olduğu yerə yuxarıdan yox, yandan keçmək qərara alınmışdır. Ekskavatorun köməyi ilə bütün günü qazıntı işləri aparılırdı. Quyunun ətrafında yüzlərlə insan toplaşmışdı, onlar burada düşərgə salmışdılar.

Sosial şəbəkələrdə #SaveRayan heşteqi böyük populyarlıq qazanmışdı, hadisə yerində çoxasylı jurnalist işləyirdi. Al Jazeera telekanalı və Reuters agentliyi hadisə yerindən canlı yayım açmışdılar.

Rayan üçün oksigen maskası, yemək və su aşağı endirilmişdi. Lakin onun bunlardan istifadə edə bilməsi məlum deyil. Uşaq bir neçə gün özündə olsa da, sonradan çağırışlara cavab verməyib.

Rayanın başına gələn hadisə ilk belə insident deyil. 2019-cu ildə Hindistanda iki yaşlı Sucit Uilson vəfat edib. O da quyuya düşmüşdü. Uşağın xilas edilməsi üçün bütün ölkənin izlədiyi irimiqyaslı xilasetmə əməliyyatı təşkil olunmuşdu. Lakin dörd gün sonra quyudan yalnız Sucitin cəsədini çıxarmaq mümkün olub. Sucitin düşdüyü quyunu yerli fermer qazmışdı, Hindistanda heç bir nişansız minlərlə belə quyu var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ