ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ səfiri Lin Treysi ilhaq edilmiş Sevastopola endirilən raket zərbəsindən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-nin məlumatında deyilir.

Bildirilir ki, Treysiyə qarşı “Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin yeni qanlı cinayəti ilə əlaqədar demarş edib”.

“Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-ın Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla, o cümlədən Ukrayna sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri ilə təchiz edir”, - nazirlik bildirib.

Rusiya XİN ABŞ-ı RF ərazisində Amerika silahlarının hərbi məqsədlər üçün istifadəsinə icazə verməklə “Ukraynanın nasistyönlü hakimiyyətini sonuncu ukraynalıya qədər döyüşləri davam etdirməyə” təşviq etməkdə ittiham edib. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun bu cür hərəkətlərinin “cəzasız qalmayacağı” və “mütləq cavab tədbirləri görəcəyi” ilə hədələyib.

ABŞ-ın Moskvadakı səfirliyi Treysinin XİN-ə çağırılması və ya Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməyib.

İyunun 23-də Sevastopol raket atəşinə tutulub. Rusiya hücuma görə Ukrayna Silahlı Qüvvələrini ittiham edib. Rusiya Müdafiə Nazirliyi zərbənin “kaset başlıqları ilə təchiz edilmiş ATACMS raketləri” tərəfindən həyata keçirildiyini bildirib. İkisi uşaq olmaqla 4 nəfər həlak olub, 150-dən çox insan yaralanıb. Rusiya Federasiyasının İstintaq Komitəsi terror maddəsi ilə cinayət iş açıb. Ukrayna hakimiyyəti Sevastopola endirilən raket zərbəsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mayın sonunda ABŞ Ukraynaya Rusiyadakı hədəfləri vurmaq üçün Amerika silahlarından istifadə etməyə icazə verib. Söhbət sərhəddən Ukraynaya hücum edən Rusiya qüvvələrinin hərbi obyektlərinə zərbələrdən gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ