Ölümcül istilər, sıxlıq və “qanunsuz gələnlər”: Məkkədə yüzlərlə zəvvar ölüb - video

Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı 900-ə yaxın zəvvar ölüb, 2 mindən çox insan xəstəxanalardadır. Şahidlərin sözlərinə görə, Məkkədə havanın orta temperaturu 45 dərəcə istidir. Bir çox insan istidən və ya sıxlıqda qalaraq ölüb: rituallar günorta saatlarında açıq havada keçirilir. Vəziyyət qeydiyyatdan keçməyən zəvvarların çoxluğu ilə mürəkkəbləşib. Zəvvarların sözlərinə görə, onlar yol boyu insanların cəsədlərini görürlər və təcili yardım maşınları çox vaxt yüklənir.

Rituallar zamanı ölüm

Zəvvarlar müntəzəm olaraq vəfat edirlər, çünki Həcc ziyarətinə daha çox yaşlı insanlar və müxtəlif xəstəliklərdən əziyyət çəkənlər gedirlər. Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyona yaxın zəvvar iştirak edib, onlardan 1,6 milyonu xarici ölkə vətəndaşları olub.

Dolu təcili yardım maşınları və itkin düşənlər

Fransanın beynəlxalq radiosu RFI  iki ərəb diplomatına istinadən xəbər verir ki, ölənlərdən ən azı 323-ü Misir, 60-ı isə İordaniya vətəndaşıdır. Rəsmi məlumatlara görə, misirlilər istidən ölüb, onlardan yalnız biri izdiham zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Cəsədlərin əksəriyyəti - 550-si artıq Məkkəyə çatdırılıb, onlar Məkkənin Əl-Muaysema rayonunun meyitxanasındadır.

Yerli hakimiyyət orqanları da zəvvarların itkin düşdüyünü bildirib. Misir öz vətəndaşlarını tapmaq üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir. Ölkənin səlahiyyətli orqanları bir neçə cəsədin tapılması barədə məlumat veriblər, lakin indiyə qədər onların adları və milliyyətləri barədə məlumat yoxdur. 

Mine şəhərindəki jurnalistlər könüllülərin zəvvarlara soyuq içki və dondurma payladığını görüblər. İnsanlar sərinləmək üçün başlarına su tökürlər. Yerli hakimiyyət orqanları çətirlərdən istifadə etməyi, çoxlu maye içməyi və pik saatlarda günəş altından qalmamağı tövsiyə edir. Zəvvarlar yol boyu insan cəsədləri gördüklərini bildiriblər. Onların sözlərinə görə, təcili yardım maşınları çox vaxt yüklənir.

“Qanunsuz” zəvvarlar

Həcc ziyarətinə getmək istəyən müsəlmanlar rəsmi Həcc vizası almalıdırlar, lakin bu, bahalı prosedurdur - qiymət 5-18 min dollar arasında dəyişir, bəzi hallarda isə məbləğin 20%-indən əlavə rüsum alınır.

Bu səbəbdən minlərlə insan qeyri-rəsmi marşrutlarla gedir. Bundan əlavə, “Middle East Eye” nəşrinin yazdığına görə, yerli hakimiyyət orqanları qeydiyyat prosedurunu çətinləşdirib. İnsanlar ümumiyyətlə sifariş təsdiqini və ya bilet ala bilmir. Səudiyyə Ərəbistanı səlahiyyətliləri zəvvarlara kondisionerli yerlər və müvafiq yardımlar göstərir. Qeydiyyatı olmayan zəvvarların bu imkanı yoxdur.

Qeyd edək ki, bu il azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti üçün ayrılan kvota 1500 yerdir. Həcc ziyarətinin qiyməti adambaşına 5850 ABŞ dollar təşkil edir. 

Ərəb diplomatlarının fikrincə, bu il məhz qanunsuz gələn zəvvarların üzündən bu qədər çox ölüm baş verib.

İnsanlar yemək, su və kondisioner olmadan uzun müddət günəş altında dayanmağa məcbur olublar. Diplomatların sözlərinə görə, onlar “istidən ölüblər, çünki insanların çoxunun sığınacaq yeri yox idi”.

Eyni zamanda, Səudiyyə Ərəbistanı rəsmiləri minlərlə qeydiyyatı olmayan zəvvarı Məkkədən qovub. Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd bin Əbdül Rəhman Əl-Cəlajel həcc ziyarətinin bu qədər insan arasında böyük epidemiyalar olmadan uğurla təşkil edildiyini bildirib.

Hər il minlərlə müsəlman Məkkə və Mədinədə müqəddəs yerlərə beş günlük ziyarətə gedir və həcc zamanı zəvvarlardan bəziləri ağır şərtlər üzündən dünyasını dəyişir. Bu il Səudiyyə Ərəbistanında havanın temperaturu 45°C, Məkkədə ən böyük məscidin yaxınlığında isə 52°C-yə çatıb. Araşdırmalara görə, ayinlərin keçirildiyi ərazidə hər on ildən bir temperatur yüksəlir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ