ABŞ-da məhkəmə prezident Co Baydenin oğlunu təqsirli bilib

ABŞ münsiflər məhkəməsi prezident Co Baydenin oğlu Hanteri qanunsuz silah saxlamaqla bağlı hər üç maddə üzrə təqsirli bilib. Bu barədə CNN məlumat yayıb.

İttihamın iki bəndi 2018-ci ildə ABŞ prezidentinin oğlunun silah alarkən narkotik istifadə etmədiyini yalan söyləməsi ilə bağlıdır. Üçüncü bənddə bildirilir ki, Hanter Baydenin narkotik istifadə etdiyi müddətdə odlu silaha sahib olub.

Kanal qeyd edir ki, bu, vəzifədə olan prezidentin yaxın qohumu federal məhkəmədə cinayət törətməkdə təqsirli bilinməsi ilə bağlı ilk haldır.

Hanter 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə ilə üzləşə bilər. CNN maksimum cəzanı mümkünsüz hesab edir. Hökm elan ediləcəyi vaxt hələ təyin edilməyib.

Hanter Baydenlə bağlı təhqiqat 2018-ci ildə onun narkotikdən istifadə edərkən silah aldığı məlum olduqdan sonra başlayıb. 2023-cü ilin yayında prezidentin oğlu ABŞ Ədliyyə Departamenti ilə sövdələşmə bağlayıb. Sənədə əsasən o, 2017-2018-ci illərdə törədilən iki vergi qanun pozuntusuna görə təqsirli bilinməli idi. Bunun müqabilində Hanter qeyri-qanuni silah saxlamaq ittihamından azad olunacaqdır, lakin məhkəmə sövdələşməni təsdiq etmədi. Sentyabr ayında Hanterə qarşı ittiham irəli sürülüb.

2024-cü il iyunun əvvəlində ABŞ prezidenti Co Bayden ABC ilə söhbətində münsiflər heyətinin istənilən hökmünü qəbul edəcəyini təsdiqləyib və oğlunun əfv edilməsinin mümkünlüyünü istisna edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ