Xerson vilayətinin işğal olunmuş hissəsinin “qubernatoru” Vladimir Saldo bəyan edib ki, Ukrayna qoşunları Qolopristan bələdiyyə rayonunun Sadovoye kəndini atəşə tutub.
Onun sözlərinə görə, nəticədə 22 nəfər ölüb, daha 15 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Saldo qeyd edib ki, iki zərbə olub - raketlərdən biri “özəl sektorun yaxınlığındakı kiçik bir mağaza” düşüb.
“Mağaza dağıdılıb. Qonşular kömək etmək istəyəndə ikinci zərbə gəlib”, Saldo deyib. O əlavə edib ki, ölənlər arasında doqquz yaşlı uşaq da var.
Saldo, həmçinin sosial şəbəkə hesabında bir neçə örtülü cəsədin və zədələnmiş nəqliyyat vasitələrinin əks olunduğu fotoşəkillər dərc edib.
“Hadisə yerində lazımi ehtiyat tədbirlərinə riayət etməklə əməliyyat xidmətləri işləyir. Yaralılara lazımi tibbi yardım göstərilir”, - deyə o bildirib.
Saldo başqa təfərrüatları açıqlamayıb.