İyunun 6-da səhər saatlarında Rusiyanın Kemerovo şəhərində iki tramvayın toqquşması nəticəsində onlarla insan xəsarət alıb. Kemerovonun rəhbəri Dmitri Anisimov bildirib ki, xəsarət alan şəxslərdən biri ölüb. TASS yazır ki, zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır.
Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, səhər saat 7:30 radələrində Loqovoye şossesində tramvaylar toqquşub. KİV-in məlumatına əsasən, tramvaylar Kuznetski körpüsündə toqquşublar.
Telegram kanalları tərəfindən yayımlanan müşahidə kameralarının görüntülərində tramvaylardan birinin yüksək sürətlə döngəyə necə girdiyi, həmin anda onun arxa qapısının açıldığı, daha sonra insanların yolun hərəkət hissəsinə düşməsi göstərilir. Daha sonra tramvay dayanacaqda dayanan başqa bir tramvaya çırpılır.
Qəzaya səbəb kimi texniki nasazlıq və insan faktoru versiyaları nəzərdən keçirilir. Eyni zamanda, Kemerovo Elektrik Nəqliyyat Şirkəti əmin edir ki, tramvay iyunun 2-də təmir olunub.
Kemerovoda tramvayların 90 faizinin köhnə olduğu bildirilir.
İstintaq Komitəsi tramvayın toqquşmasının nəticələrini əks etdirən video yayımlayıb.
Faktla bağlı istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlər göstərmə maddəsi ilə (CM-nin 238-ci maddəsinin 2-ci hissəsi) cinayət işi başlanıb.