Gürcüstanda qalmaqallı qanun qüvvəyə minib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili respublika prezidenti Salome Zurabişvilinin veto qoyduğu “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. 

Qanun imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir.

Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ