FETÖ terror təşkilatının 83 yaşlı lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında yaşadığı malikanədən qaçırıldığı barədə məlumatlar yayılıb. Belə ki, Gülənin qohumu Ebuseleme Gülənin sosial şəbəkələrdəki iddiasına görə, Gülən yaxın adamı Cevdet Türkyolu tərəfindən qaçırılıb və hətta öldürülə bilər. Bu iddialardan sonra, FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” sosial media hesabında təşkilat rəhbərinin səhhəti ilə əlaqədar olaraq həkimlərin tövsiyələrinə uyğun sakit bir məkana aparıldığı qeyd olunub.
Sözügedən məlumatlar Türkiyə mediasında müzakirələrə səbəb olub. Mövzu “CNN Türk”ün efirində yayımlanan “Gece Görüşü” proqramında da gündəmə gətirilib. Belə ki, “Hürriyet” qəzetinin Ankara nümayəndəsi Hande Fırat bu iddiaları şərh edib.
Onun sözlərinə görə, F.Gülənin səhhəti ilə bağlı vəziyyətə görə təşkilatda qarmaqarışıqlıq hökm sürür:
“Fətullah Gülən şəkər xəstəliyindən əziyyət çəkir və yaşının da çox olması məlumdur. Vəziyyəti ağırdır. Bu müzakirələrin başlamasına səbəb nədir? Çünki terror təşkilatı daxilində təyinatlar iyun ayında həyata keçirilir. Adətən bu təyinatlar Gülənin qərarı əsasında edilirdi. Onun səhhəti pisləşməyə doğru gedir, bu fonda isə onun malikanəsindən qaçırıldığı iddiaları gündəmə gəlir”.
Bununla yanaşı, türkiyəli jurnalist təşkilat daxilində yüksəkvəzifəli şəxslər arasında yaşanan mübahisələri əks etdirən məktubun yayıldığına diqqət çəkib. Həmin məktubda FETÖ üzvü son dövrlərdə qərarların Gülən tərəfindən deyil, katibi Cevdet Türkyolu tərəfindən verildiyini bildirib.