Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini vətənə xəyanətdə ittiham edib. Onun sözlərini TASS sitat gətirib.
Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, xalqın və onun seçdiyi hakimiyyətin birliyi son iki ildə Gürcüstanda sülhü qoruyub saxlamağa imkan verib. O qeyd edib ki, bu da “ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq” əldə edilib.
“Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, baş nazir deyib.
O vurğulayıb ki, hazırda Gürcüstan üçün dövlət müstəqilliyini qorumaq həmişəkindən daha vacibdir.
Prezident Zurabişvili hərbçilər və Gürcüstan rəhbərliyinin nümayəndələri qarşısında çıxış edərək ölkə hakimiyyətinin hərəkətlərini tənqid edib. Siyasətçi əlavə edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin siyasi kursunu müəyyən edəcək - Avropa və ya rusiyapərəst.