Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan etdi

Norveç hökuməti mayın 29-dan ölkəyə turizm və “digər vacib olmayan məqsədlər üçün” gələn Rusiya vətəndaşlarının girişinə qadağa qoyulacağını açıqlayıb. Bu barədə mayın 23-də səhər saatlarında hökumətin saytında dərc edilmiş məlumatda deyilir.

Qadağa həm Norveç turist vizası almış Rusiya vətəndaşlarına (bu vizaların verilməsi faktiki olaraq 2022-ci ildə dayandırılıb), həm də başqa Şengen ölkəsi tərəfindən verilmiş viza sahiblərinə şamil edilir.

Hökumət qeyd edib ki, Norveçdə yaşayan valideynlərinə, həyat yoldaşlarına və ya uşaqlarına baş çəkmək üçün səfər edən Rusiya vətəndaşları, habelə Norveç və ya digər Şengen ölkələrinə işləmək və ya təhsil almaq üçün gedən rusiyalılar üçün istisnalar ediləcək.

Ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enger Mehl bildirib ki, Norveç “Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzünə” cavab olaraq rusiyalıların ölkəyə girişini məhdudlaşdırmaq qərarına gəlib.

Norveç hakimiyyəti əlavə edib ki, Storskoq sərhəd-keçid məntəqəsində (Murmansk vilayəti ilə sərhəddə) vəziyyəti diqqətlə izləyirlər və “lazım gələrsə, tədbirlər görməyə hazırdırlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ