İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb. Siyasətçinin taleyi məlum deyil
İran prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Hadisə yerinə xilasedicilər və bir neçə təcili tibbi yardım avtomobili göndərilib. Axtarış əməliyyatını pis hava şəraiti və qatı duman çətinləşdirir.
Kortejdə üç helikopter olub
“AP”nin məlumatına görə, qəza ölkənin şimal-qərbindəki Şərqi Azərbaycan əyalətində, Culfa və Verzeqan şəhərləri yaxınlığında baş verib.
“Tasmin” bildirib ki, helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və əyalət qubernatoru Ayətullah Əl-Haşem də olub.
Ümumilikdə prezident kortejində üç helikopter uçub. İki helikopter təhlükəsiz eniş edib.
İran prezidentinin helikopteri ucqar kəndə eniş etdiyi bildirilir
“Mehr” egentliyi məlumat yayıb ki, Rəisi hadisə zamanı xəsarət almayıb və Təbriz şəhərinə doğru yola davam edib. Lakin sonradan bu məlumat silinib.
İran Daxili İşlər Nazirliyi də xəbəri təsdiqləməyib. Onlar aydınlaşdırıblar ki, helikopter duman səbəbindən sərt eniş edib və hadisə yerinə xilasedicilər göndərilib. Daha sonra helikopterin Uzi kəndi yaxınlığında yerə düşdüyü barədə məlumat yayılıb.
“Hadisənin xilasedicilərə bildirilməsindən təxminən bir saat sonra xilasetmə qrupları axtarışlara başlayıb”, - İRNA agentliyi bildirib.
Axtarış əməliyyatının hava şəraiti və qatı duman səbəbindən çətinləşdiyi dəqiqləşdirilib. Qəza yerinə 8 təcili yardım maşını da göndərilib.