Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
“Bütün çətinliklərə baxmayaraq, biz inanırıq ki, demokratiyanın əsl və ən perspektivli yoldaşı davamlı sülhdür. Rəhbərlik etdiyim hökumət də bunun məsuliyyətini öz üzərinə götürüb.
Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin delimitasiyasına başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinə çevrilən Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədləri bərpa etməliyik.
Sərhədin delimitasiyası 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti Əliyev və mənim iştirakımla dördtərəfli görüşdə əldə edilmiş razılaşmanın həyata keçirilməsidir. Bu, Praqada baş verib. İndi bu sazişləri sülh müqaviləsinə daxil etmək, əks etdirmək və imzalamaq vaxtı çatıb”, - Paşinyan qeyd edib.