Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən sakinlər yolu bağlayıblar.
“NEWS.am” xəbər verir ki, hadisə yerinə cəlb olunan polislər 31 etirazçını saxlayıb.
Sözügedən şəxslər “polisin qanuni tələblərinə itaət etməmək” maddəsi üzrə saxlanılıblar.
Hazırda Ermənistan polisinin Kirantsda xüsusi əməliyyat keçirdiyi bildirilir. Polis İcevandan Kirantsa gedən yolu bağlayıb. Bununla yanaşı, jurnalistlərin kəndə girişinə qadağa qoyulub.
Ermənistan Daxili İşlər Nazirliyi Kirantsa çox sayda polis qüvvələrinin göndərilməsinə münasibət bildirib. Qeyd olunub ki, buna səbəb bu gün sözügedən kənddə minatəmizləmə işlərinin həyata keçirilməsidir: “Asayiş keşikçiləri mülki vətəndaşların minalardan təmizlənən zonaya daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün oraya göndərilib”.