Londonda kişi insanlara qılıncla hücum edib. 13 yaşlı uşaq ölüb - video

Aprelin 30-da Londonun şimal-şərqində baş verən silahlı hücumda ikisi polis əməkdaşı olmaqla azı beş nəfər yaralanıb.

Polisin məlumatına görə, hücum edən şəxs avtomobilini Londonun “Hainault” metrostansiyası yaxınlığındakı evə çırpıb, bundan sonra əlində qılıncla yoldan keçənlərə və polisə hücum edib.

Hadisənin şahidi Kris Beyts “Sky News”a deyib ki, küçədə əlində “böyük samuray qılıncı” olan adam görüb. Onun sözlərinə görə, polis cinayətkarı qılıncı yerə atmağa çağırıb, daha sonra onu elektroşokerlə vurub saxlayıblar.

Hücum nəticəsində xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib. Onların hansı vəziyyətdə olduğu açıqlanmır. Polisin verdiyi məlumata əsasən, hücum zamanı yaralanan 13 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Mətbuatın yazdığına görə, saxlanılan şəxsin 36 yaşı var. Hücum edənin motivləri barədə məlumat verilmir. Polis digər şübhəliləri axtarmır.

Hüquq-mühafizə orqanları hadisənin terrorla əlaqəsi olmadığını hesab edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ