“Bloomberg”: Ukrayna müdafiəsinin dağılması riski var

Ukraynanın enerji infrastrukturuna zərbələr, Xarkova hücumlar və Rusiya qoşunlarının cəbhədə irəliləməsi Ukrayna ordusunun kritik nöqtəyə yaxınlaşmasına səbəb olub.

Bu barədə “Bloomberg” nəşri yazır.

Qərb hökuməti mənbələri cəbhədə döyüş sursatı, şəxsi heyət və hava hücumundan müdafiə sistemindəki çatışmazlıqları  əsas gətirərək qəzetə bildiriblər ki, Ukrayna müharibə başlayandan ən həssas vəziyyətdədir.

“Bloomberg” in həmsöhbətlərindən ən azı birinin fikrincə, Ukraynanın müdafiəsinin dağılması riski var və bu, Kremlə böyük hücuma başlamaq imkanı verəcək.

Kimliyinin açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib ki, Birləşmiş Ştatlar Rusiyanın irəliləyişinin qaçılmaz olduğuna dair heç bir əlamət görmür. Ancaq Ukraynanın əhval-ruhiyyəsi aşağıdır və ordunun dağılması ehtimalını istisna etmək olmaz, - adının açıqlanmasını istəməyən başqa bir rəsmi deyib.

Kiyevdə yerləşən Reytinq Qrupunun bu yaxınlarda keçirdiyi ictimai rəy sorğusuna əsasən, genişmiqyaslı işğaldan sonra ilk dəfə respondentlərin yarısından azı Rusiyanın zəbt etdiyi bütün əraziləri geri qaytarmağın mümkün olacağına inandığını bildirib. 

Nəşrin mənbələri xatırladıb ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini təsdiq etməyib. Əgər bu vəsaitlər gəlməsə, Ukrayna ən çətin anda ümidsiz vəziyyətə düşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ