Meksika Ekvadorla əlaqələri kəsdi. Diplomatik missiyada nə baş verib?

Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri kəsməyi tapşırıb.

Qərar Cənubi Amerika ölkəsində polisin Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün Meksika diplomatik missiyasına basqın etməsindən sonra verilib.

Bu, beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulmasıdır, ona görə də mən nazirimizə bu avtoritar aktla bağlı bəyanat verməyi, qanun çərçivəsində hərəkət etməyi və Ekvador hökuməti ilə diplomatik əlaqələrin dayandırıldığını dərhal elan etməyi tapşırdım.

Andres Manuel Lopez Obrador
Meksika prezidenti

Xorxe Qlas üç ittihamla axtarışa verilib

2021-ci ildə Ekvador Milli Məhkəməsi ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası korrupsiya ittihamı ilə 8 il həbs cəzasına məhkum edib. O, neft məhsullarının istehsalı üzrə müqavilələrdə saxtakarlığa yol verib.

Bu, Qlasa qarşı üçüncü ittiham idi. 2017-ci ildə prezident Lenin Moreno onu vəzifəsindən uzaqlaşdırdıqdan az sonra Xorxe Qlas tikinti şirkətləri ilə bağlı korrupsiya işinə görə 6 il həbs cəzasına məhkum edilib.

Foto: Daniel Tapia / Reuters

“Odebrecht işi” kimi tanınan bu korrupsiya işi Latın Amerikasında ən böyük qalmaqallardan birinə çevrilib. Xorxe Qlas ittihamlarla razılaşmayıb. 2020-ci ilin sentyabrında ona rüşvət ittihamı ilə daha 8 il həbs cəzası verilib.

Aprelin 5-də Meksika hökuməti 2023-cü ilin dekabrında ölkənin Kitodakı səfirliyinə sığınan Qlasa siyasi sığınacaq verilməsi barədə qərar qəbul edib.

Ekvador Meksika səfirliyinə hücumu milli suverenliyin müdafiəsi adlandırıb

Meksikanın xarici işlər naziri Alisiya Barsenanın sözlərinə görə, Ekvador polisinin diplomatik missiyaya hücumu zamanı səfirlik işçiləri xəsarət alıblar.

Diplomatlar Ekvadoru dərhal tərk edəcəklər. Bundan əlavə, Meksika Ekvadoru beynəlxalq hüququn pozması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək, nazir söz verib.

Öz növbəsində Ekvador hökuməti keçmiş vitse-prezident Xorxe Qlasın saxlanmasını təsdiqləyib və Meksikanın diplomatik missiyasına basqın edilməsini milli suverenliyin müdafiəsi adlandırıb.

Biz milli suverenliyimizi müdafiə edirik, heç kim cəzasız qala bilməz.. Xorxe Qlasın yerləşdiyi diplomatik nümayəndəlik verilən toxunulmazlıq və imtiyazlardan sui-istifadə edərək ona diplomatik sığınacaq verib. Ümumi qəbul edilmiş hüquqi çərçivəyə zidd olsa belə biz Xorxe Qlası həbs etmişik.

Ekvador Prezidentinin administrasiyası

Prezident administrasiyası əlavə edib ki, Ekvador “heç bir cinayətkarın cəzasız qalmasına imkan verməyəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ