Türkiyədə yerli seçkilərdə CHP “Ədalət və İnkişaf Partiyası”nı qabaqlayır

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilərdə müxalif “Cümhuriyyət Xalq Partiyası” (CHP) hakim “Ədalət və İnkişaf Partiyası”nı qabaqlayır. “Daily Sabah”ın məlumatına görə, seçki məntəqələrinin protokollarının 99,82%-nin işlənməsindən sonra CHP ümumilikdə 37,74%, “Ədalət və İnkişaf Partiyası” isə 35,49% səs toplayıb.

Türkiyənin böyük şəhərlərində - İstanbul, Ankara və İzmirdə bələdiyyə sədrliyinə seçkilərdə müxalifət namizədləri qalib gəlir.

“Reuters” qeyd edir ki, “Ədalət və İnkişaf Partiyası” yerli seçkilərdə son 20 ildə ən pis nəticəni göstərib. Belə ki, 2019-cu ilin martında keçirilən yerli seçkilərdə “Ədalət və İnkişaf Partiyası” ümumilikdə 44,33%, CHP isə 30,12% səs toplamışdı.

Türkiyənin “Ədalət və İnkişaf Partiyası”nın lideri Rəcəb Tayyib Ərdoğan yerli seçkilərin nəticələrini “dönüş nöqtəsi” adlandırıb.

İlk nəticələr açıqlandıqdan sonra partiyanın qərargahında çıxış edən Ərdoğan partiyasının “populyarlığını itirdiyini” etiraf edərək, seçicilərin istəklərini nəzərə almaq üçün addımlar atacağını vurğulayıb.

“Səhv etmişiksə, onu düzəldəcəyik. Nəsə əlavə etmək lazımdırsa, biz bunu edəcəyik”,  deyə o bildirib.

Eyni zamanda Ərdoğan vurğulayıb ki, seçkilərin nəticəsi demokratik keçirildiyini göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ