Tacikistanda “Crocus”da törədilən terror aktına görə kütləvi həbslər başlayıb

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları “Crocus City Hall” konsert zalına hücum edən İŞİD-K (“Vilayət Xorasan”) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 yerli sakini saxlayıb. Bu barədə “Reuters” və “RİA Novosti” Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlərin həmsöhbətlərinin sözlərinə görə, həbslər bazar ertəsi, martın 25-də Vəhdət şəhərində həyata keçirilib, bundan sonra şübhəlilər Düşənbəyə aparılıb. Qeyd edilib ki, əməliyyat tədbirlərində Tacikistanın paytaxtında yerləşən Rusiya təhlükəsizlik qüvvələri də iştirak edib. Həbslərin digər təfərrüatları barədə məlumat verilmir.

“Crocus City Hall”a hücum martın 22-də axşam saatlarında baş verib. “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs binaya soxularaq insanlara atəş açıblar. Terror aktı nəticəsində son məlumatlara görə, 144 nəfər həlak olub, 380-dən çox insan yaralanıb.

“Crocus City Hall”dakı hücuma görə məsuliyyəti İŞİD-in “Vilayət Xorasan” adlı hücrəsi öz üzərinə götürüb. Rusiya hakimiyyəti terror aktında şübhəli bilinən 11 nəfəri, o cümlədən hücumu həyata keçirən dörd terrorçunu saxladıqlarını açıqlayıb. Martın 24-də terror aktında ittiham olunanlar həbs edilib. 

Rusiya hakimiyyəti “Crocus”da törədilən terror aktının arxasında Ukraynanın olduğunu iddia edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ