Moskva Bakı və İrəvan arasındakı anklavlarla bağlı mövqeyini açıqlayıb

Rusiya Azərbaycan və Ermənistanı maksimum təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə, bütün ərazi mübahisələrini və qarşılıqlı iddiaları müstəsna olaraq siyasi və diplomatik kanallar vasitəsilə həll etməyə çağırır. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

“Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və mübadiləsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Öz növbəmizdə, biz Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, oxşar prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasına da aiddir.

Zaxarova qeyd edib ki, kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var - bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, 2023-cü ildə keçirilən son görüşdə tərəflər regionda nəqliyyat və iqtisadi marşrutların açılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın olublar.

Sonda Zaxarova tərəfləri siyasi iradə nümayiş etdirməyə və “müəyyən edilmiş üçtərəfli formatlarda, o cümlədən üçtərəfli işçi qrupda” qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ