Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış “Crocus City Hall” konsert zalının bankda girov qoyulduğu məlum olub.
Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak “Qazprombank”da kredit müqabilində girov qoyulub.
Belə ki, Krasnoqorsk, Mejdunarodnaya küçəsi, bina 20 ünvanında yerləşən, sahəsi 38 min kvadratmetr olan bina 2023-cü il noyabr ayında bağlanmış ipoteka müqaviləsi əsasında satın alınıb və əmlakın yüklülüyü 24 dekabr 2032-ci il tarixinədək qüvvədədir. Əvvəllər bu müqavilə yenidən nəzərdən keçirilib, konsert zalı 2022-ci ilin dekabrında verilən tapşırıq nəticəsində “Qazprombank”a girov qoyulub.
Məsələ ilə bağlı “Crocus Group” və “Qazprombank” açıqlama verməkdən imtina edib.
“Crocus City Hall” “İnqosstrax” şirkəti tərəfindən sığortalanıb, lakin sığortalanan məbləğ terror aktında vurulan zərərdən qat-qat aşağıdır.
Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı yaralananların sayı 360 nəfərə çatıb. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir. 140 nəfərin isə öldüyü bildirilir.