Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb.
Buta.media “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Mnatsakanyan Yerevanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib.
Belə ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı rejimin rəhbərliyini onunla məxfi müzakirələrdən sonra sosial şəbəkələrdə “torpaqları satmaq” barədə iddialar yaymaqda günahlandırıb. Deyib ki, əvvəlki hakimiyyət danışıqların detalları haqda Qarabağdakı rejimi heç vaxt məlumatlandırmayıb. O isə danışıqlara dair bütün sənədləri Dağlıq Qarabağ rəhbərliyinə verib. Münaqişənin həllinə dair öz baxışlarını onlara çatdırıb. Qapalı müzakirələrdə Dağlıq Qarabağ rəhbərliyi bu mövqe ilə razılaşıblar, amma daha sonra sosial şəbəkələrdə Paşinyanın “torpaqları satmağa” hazırlaşdığı haqda iddialar yayıblar.
Paşinyanın bu bəyanatına cavab olaraq Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyan Ermənistanın əvvəlki hakimiyyətinin danışıqların detalları haqda həmişə onları məlumatlandırdığını deyib. Başqa sözlə, Paşinyanın yalan danışdıına eyham vurub.
Xarici işlər naziri Zöhrab Mnatsakanyan bu mübahisəni şərh etmək istəməyib, amma deyib ki, torpaqların qaytarılması iddialarını heç müzakirə etməyə belə dəyməz.
“Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvver edərmi? Belə şey ola bilməz. Torpqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz”-Mnatsakanyan bildirib.
Qeyd edək ki, torpaqların qaytarılmasını istisna edən bu kimi bəyanatlar Ermənistanın indiki hakimiyyətinin nümayəndələri tərəfindən əvvəllər də səsləndirilib. O cümlədən Paşinyan özü bir neçə dəfə belə ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi.
Ümumiyyətlə, Paşinyanın hökuməti “bir qarış da torpaq verməmək” ritorikasına tez-tez əl atır. Və belə olan halda sual yaranır: əgər torpaqların işğaldan azad edilməsi barədə danışılmırsa o zaman Mnatsakanyanla onun azərbaycanlı həmkarı Məmmədyarov vaxtaşırı olaraq baş tutan görüşlərində saatlarla nədən danışırlar?
Axı münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin bütün variantlarında ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması öz əksini tapıb. O cümlədən Azərbaycan üçün pis variant olan "Madrid prinsipləri" 5 rayonunun geri qaytarılmasını, daha 2 rayonunun isə Dağlıq Qarabağın yekun statusuna dair razılaşmadan sonra ən azından qismən boşaldılmasını nəzərdə tutur. (virtualaz.org)